باخیش
یکشنبه 19 تیر 1390
بؤلوم | عومومی یازار : نژادمحمد

İbn əl-Cevzi

Onun tam adı Cəmaləddin Əbul Fərəc Əbdürrəhman bin Əli bin Muhamməd bin Əli əl-Qurəşi ət-Teymiyy əl-Bekri-dir, Əbu Bəkr əs-Siddiqin ailəsinə mənsubdur. İbn əl-Cevzi ləqəbi ilə məşhur olub. Əl-cevz isə çayın kənarında olan bir məntəqə adıdır.

O, Bağdadda 1120 miladi – 514 hicri tarixində anadan olub. Yaşadığı dövr çox ağır olmuşdu.

O, bir çox savaşalar və mübarizələr zamanında yaşayıb. Bu savaşlar Abbasilər dövlətini zəiflətmiş və İslam aləmini üç hissəyə bölmüşdü. Parçalanmış hissələrin hər biri digər hissələri yox etmək üçün uyğun bir fürsət axtarırdı. Misirdə Fatimilər, Əndəlüsdə Əməvilər, burada da Abbasilər. Bu savaşlar o qədər uzun müddətli olmuşdu ki, hətta bir ildə bir neçə dəfə təkrarlanırdı. Alimlərdən tutmuş hər kəs bu mübahisə və mübarizələrin qarşısını almaq üçün əllərindən gələni etsələr də müsbət nəticə əldə edə bilmirdilər. Belə bir dövrdə də əlbəttə ki, nə ictimai, nə də iqtisadi vəziyyət heç də yaxşı ola bilməzdi. Müharibələr sona çatmasa da elm və bilik sahəsi öz inkişafında davam edirdi. Alimlər kitablar yazmağı tərk etmirdilər. O dövrdə bəzi tanınmış kitabxanalar da var idi ki, onları Allah yolunda hamı üçün və əsasən də elm tələbələri üçün açmışdılar. Bunlardan Məmunun dövründə tanınan və Bağdadda əsası qoyulan "Beytül Hikmə" kitabxanası, sonra "Dərul Elm" adında tikilən başqa bir kitabxana və başqa tanınmış şəxslərin öz hesablarına açdıqları kitabxanaları misal göstərmək olar.

Həmçinin həmin dövrdə elmin izdiharına və inkişafına müxtəlif məktəblər və məscidlər də təsir edirdi. Belə ki, məscidlərdə müxtəlif ölkə və şəhərlərdən bir araya gələn alim və elm tələbələri, yığılan kitablar və onlardan tədris olunan fənnlər, eyni zamanda elmi hərəkatlar elmin irəliləməsində böyük rol oynayırdı. O dövrün tanınmış alimlərindən Əbu Hamid əl Gəzali, Əhməd bin Muhamməd əl Gəzali, Əbul Vəfa Əli bin Aqil əl-Bağdadi, Əd-Deynuri, əl-Qadi Ayad, əl-Hərani, ibn-əl-Xişab və başqaları da bu sahədə çox əmək göstərmişdilər.

Uşaqkən yetim qalan ibn əl-Cevzi saleh bir ailədə böyümüşdü. Üç yaşında atasını itirən Cəmaləddinə anası baxa bilməmiş və onu tərbiyələndirmək üçün bibisinə vermişdi. Çox saleh və gözəl qadın olan bibisi onu əla tərbiyə etmişdi. Onu alimlərin yanına aparar, hədis və quran elmini tanınmış alimlərin və müəllimlərin yanında keçərdi. İbn əl-Cevzi bir az böyüdükdən sonra Qurani Kərimi tam əzbərləmiş və sonra bir çox alimlərin yanında dərs almışdır. Əhməd bin Hənbəlin məzhəbindən qaynaqlanmışdır.

Kiçik yaşlarında mühazirə və moizə deməklə məşğul olmuşdur. Çoxları onun söhbətini dinləməyi xoşlayır, rahatlıq tapardılar. Ona görə də yanına çox yerlərdən gələrdilər. Beləcə o, bu mühazirələri ilə məşhur olmuşdu.

Vəzir Əbi Həbirənin zamanında daha da tanınmış, şeyx Əbdül-Qadirə və ona padşahın sarayının məscidində söhbətlər aparmağa icazə verilmişdi. Onun söhbətlərinə çox insanlar yığışardı. Bu arada Müstədi həmin məntəqənin əmiri oldu və İbn Cevzinin əlaqəsi onunla gücləndi. İbn əl-Cevzi onun üçün "Müstədinin xilafətində işıq saçan çıraq" adında bir kitab yazdı.

İbn əl-Cevzi çox çalışardı ki, hökmdarlar və başçılarla çox sıx əlaqədə olmasın, onların məclislərində oturmasın və onlardan heç bir bəxşiş almasın. Əksinə öz mühazirə və dərslərində hökmdarların olmasını arzulayar və onlara xitab edərdi. Bir dəfə o, Əmirəl Mömininə belə demişdi; "Allah Təala üçün ol (Ona üz tut, Ona yönəl), çünki sən Ona möhtacsan, necə ki, O, sənə möhtac olmasa da sənə yaxşılıq etmiş, səndən üstün və yuxarı heç kimi tutmamışdır. Necə ki, səndən yuxarı heç kim yoxdur, razı olma ki, səndən çox Allaha şükr edən də olsun."

Həmin gün Əmirəl Möminin çoxlu sədəqə vermiş və həbsdə olanların bəzilərini azadlığa buraxmışdır.

İbn əl-Cevzi o qədər elm və bilik həvəskarı idi ki, o, 6 yaşında olarkən belə küçədəki uşaqlarla oynamazdı, elm almaqla məşğul olardı. Öz kitablarından birində yazıb ki; "Elm almaq üçün getdiyim yolda elə məşəqqətlərlə üzləşirdim ki, o əziyyətlər mənə baldan da şirin gəlirdi."

Yeddi övladı olmuş, üçü oğlan, dördü qız. Özü deyir ki, Allaha dua etmişdim ki, mənə 10 övlad qismət etsin, Allah da mənə 5 oğul və 5 qız bəxş etdi. Qızlardan ikisi isə dünyasını dəyişdi.

İbn əl-Cevzini o qədər sevərdilər və elə hörmət edərdilər ki, bəzən onun dərslərinə və məclislərinə yüz mindən çox adam gələrdi. Hər gün 4 dəftər miqdarında yazılar yazardı. Bir ilə təxminən 50-60 kitab yazardı. Çox zaman tək qalmağı xoşlayardı. Amma hamıya tək qalmağı tövsiyə etmirdi. Deyirdi ki; alimlər tək qala bilərlər, çünki onlar Rəbbləri ilə ünsiyyətdə olur və vaxtlarını kitablarla keçirərlər. Elmlə məşğul olmayan insanın isə tək qalması məsləhət deyil. Zahid bir həyat keçirsə də, özünə fikir verərdi, yemək-içməyinə və xarici görünüşünə diqqət edərdi və hamıya da bunu məsləhət görərdi. Dərslərinə və məclislərinə isə yuyunub-təmizlənib, ətirlənib sonra çıxardı. Daim fikirli görünərdi, çox vaxtı susar, artıq sözlərdən, lağlağı və zarafatlardan xoşlanmazdı. Davam etdirdiyi adətlərindən, Qurani Kərimi hər yeddi gündə xətm edər, evindən yalnız ya məscidə, ya da məclisə gedərdi, heç kimlə zarafatlaşmaz və gəncliyində belə uşaqlarla oynamazdı. Həmçinin bilmədiyi və əmin olmadığı yerdən gələn yeməkləri yeməzdi. Bu minvalla həyatına davam edərək ahıl yaşlarında vəfat etmişdir.

Allah rəhmət eləsin!

İbn əl-Cevzi Əhməd bin Hənbəlinin məzhəbini seçmişdi, amma məzhəb təəssübkeşliyi edənləri tənqid edərdi.

Ömrünün sonlarında hardasa 80 yaşlarında problemlərlə üzləşmiş, hakimlərin dəyişməsi və onlardan bəzilərinin onu sevməməsi üzündən həbsə düşmüşdür. Beş il həbsdə qalmış, özü özünə xidmət etmiş, öz paltarını yuyub, özünə yemək bişirmişdir.

Elmi və müəllifi olduğu kitablar

İbn əl-Cevzi çox mütaliə edən olmuş və elmin hər yönünə yiyələnməyə çalışmışdır. İlk dəfə kitab yazmağa başlayanda onun 13 yaşı var idi. Bir çox sahələrdə yazardı, məsələn: təfsir, hədis, fiqh, tarix, ədəbiyyat, şer, qramatika, astranomiya, tibb və sairə. Peyğəmbərin hədislərini yazarkən yonduğu qələmlərin qalığını saxlamış və tövsiyə etmişdi ki, ölərkən onu yuduqda, suyu bu qələm yonuqlarını yandıraraq isitsinlər. Tövsiyəsini həyata keçirmişdilər və suyu məhz o qələm yonuqlarının alovu ilə qızdırmışdılar və hətta artıq da qalmışdı.

Səbta onun haqqında deyir ki; bir dəfə minbərdə söhbət edərkən özü dedi ki, mən bu əlimlə 2000 cild kitab yazmışam.

İbn Teymiyə onun haqqında deyir ki; Əbul Fərəc ibn əl-Cevzi bir müfti idi, çox kitabların müəllifidir. Təxminən mindən çox kitabını görmüşəm.

Hafis əz-Zəhəbi deyir; O kişi qədər kitab yazan başqa birisini görməmişəm.

Bağdadda baş verən savaşlarda bir çox kitabxanalar yandırıldığından və talan edildiyindən onun da kitablarından itənlər olmuşdur.

Uluci onun kitablarını toplamış və belə tərtib etmişdir;

- Quran və Quran elmləri - 27 kitab;

- Hədis, yazarlar və hədis elmləri - 42 kitab;

- Əxlaq və moizələr - 143 kitab;

- Tibb haqqında - 10 kitab;

- Şer, ədəbiyyat və ərəb dili - 16 kitab;

- Tarix, Coğrafiya və başqa hekayələr - 92 kitab;

Bu kitabların ümumi sayı 384 ədəddir.

Onun həyatı və elmi yaradıcılığı haqqında olan məlumatlar çoxdur. Amma sizlərin onu tanıması üçün qısa bir məlumatla kifayətlənirik.