Namazı tərk edənin bütün əməlləri keçərsizdir

Allah (s.t) belə buyrur: "Ya Rəsulum! Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!" (Zümər, 65)

Əbu Dərda (ra) belə rəvayət edir: Allah Rəsulu (s.a.s) buyurdu: "Hər kim ki, bilərəkdən namazı tərk edərsə bütün əməlləri boşa gedər". (Bu hədisi İmam Əhməd Müsnəd kitabənda rəvayət etmişdir)

Yuxarıdakı ayədə Allaha şərik qoşanın, digər əməllərinin puç olacağı bildirilməkdədir. Digər bir ayədə Allah (s.t) belə buyrur: "Şübhəsiz ki, kafirlər, insanları Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların bütün əməllərini puç edəcəkdir!" (Məhəmməd, 32)

Mövzuya digər bir açıqlama gətirən ayədə Allah(s.t) belə buyrur: "Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar! O gün vay halına qiyaməti yalan sayanların! Bu kafirlər ona da Qur’ana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!" (Mürsələt, 48-50)

Ayədən də görünür ki, namaz qılmayanlar sözün əsl mənasında Qurana və Qiyamət gününə iman etməmişlər. Əgər Qiyamət gününə iman etsəydilər, namaz qılardılar. Çünki Qiyamət günü birinci soruşulacaq əməl namazdır. Əgər bu əməl yoxdursa, digər əməllər puç olacaq və keçərsiz olacaqdır. İkinci bir tərəfdən isə namaz qılmayanlar, Qurana inanmamışlar. Hər nə qədər dilləri ilə inandıqlarını idda etsələr də, namaz qılmadıqlarına görə bu iddiaları alt-üst olur. Allah isə "namaz qılın" əmrinə tabe olmayanaları Axirəti və Quranı inkar etdiklərini bəyan edir və onları kafir olaraq vəsf edir.

Namaz qılmayanlar əslində Məhəmməd Peyğəmbəri (s.a.s) də inkar etmişdir. Çünki Peyğəmbərimiz (s.a.s) heç bir zaman namazlarını tərk etməmiş, ən çətin hallarda belə namazını əda etmişdir. Peyğəmbərimizin (s.a.s) yolu məhz bu yol idi. Yəni ən çətin anlarda belə namazı tərk eləməmək idi onun yolu. Peyğəmbərimizə (s.a.s) və onun yoluna tabe olmayanlar isə əməllərini puça çıxartmışdır. Bu barədə Uca Allah belə buyurur: "Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin əməllərinizi puça çıxartmayın" (Məhəmməd, 33)

Əbul Muleyhədən, belə rəvayət olunur: Biz Bureydə (r.a) ilə buludlu bir gündə bir yerdə idik. Bureydə (r.a) bizə xitabən "əsr namazını ilk vaxtında qılın" dedi. Çünki Rasulullah (s.a.s) "Kim əsr namazını tərk edərsə onun bütün əməlləri puç olmuşdur" dedi. (Buxari, 553)