باخیش

Namazı mütləq ərəb dilində qılmaq lazımdır?

 

Ümumbəşəri din olan İslam başqa dildə namaz qılmağa nəyə görə icazə vermir?

Professor Muhəmməd HƏMİDULLAH

--------------------------------------------------------------------------------

Hamı bilir ki, müsəlmanlar bütün namazlarını yalnız ərəb dilində qılırlar. Yəni namazda Qurandan bəzi ayələr oxunur, ilahi ucalığı və bəndənin acizliyini bildirən dualar, ifadələr işlədilir. Yalnız ərəblər deyil, ərəb olmayanlar, hətta, bu dildə bir kəlmə olsun bilməyənlər də namazlarını ərəb dilində qılırlar. həzrət Peyğəmbərin dövründə belə olmuş, müsəlmanların dilindən və ölkəsindən asılı olmayaraq bu vəziyyət o dövrdən bu günə qədər davam etmişdir.

İlk baxışdan elə görünür ki, möminin nə dediyini başa düşərək Rəbbinə dua etməsi normal, hətta, arzuedilən haldır. Belə olan təqdirdə məqsədə çatmağın ən yaxşı yolunun ana dilində namaz qılmaq olduğunu söyləməyə ehtiyac yoxdur. Bu halda müsəlman ümmətinin danışdığı nə qədər dil varsa, o qədər də dildə namaz qılınacağı şübhəsizdir. Ancaq bir az daha dərindən düşündükdə açıq-aydın görünür ki, bir çox səbəb bu variantın qəti əleyhinədir (yəni bir çox səbəbə görə namazı hər bir müsəlmanın öz dilində qılması doğru deyildir).

Bu səbəblərin ən başında mistik və ya psixoloji səbəb gəlir. Qurana görə («Əhzab» surəsi, 33/6), həzrət Peyğəmbərin xanımları "möminlərin anaları"dır. Onlar yalnız ərəbcə danışdıqlarına görə ərəb dili də bütün müsəlmanların ana dilidir. Bu baxımdan namazın bu şəkildə, yəni ana dilində qılınmasına kimin etirazı ola bilər?

Bu dəlil, bəlkə də, hamını qane etməyəcək. Ona görə də, bu izahı bir az da dərinləşdirərək bildirək ki, İslam inancına görə, Quran Allah kəlamıdır. Həmçinin Quran onun oxunmasının belə savab olduğunu bəyan edir. Mənəvi cəhətdən bu, açıq-aydın məqamdır. Mömin Rəbbinin müqəddəs sözü ilə Ona doğru səyahət edir. Allahın sözü lampanın yanması üçün elektrik axınını daşıyan naqil kimi insanı Allaha aparan yoldur. Rəbbə doğru səyahət hər şeydən öncə hər bir insan ruhunun çatmaq istədiyi ən uca qayədir. Bu ilahi söz ərəbcə vəhy olunub, onun tərcüməsi necə olursa-olsun, yenə də hər zaman yalnız insan sözü kimi qalacaq və bu vəziyyətdə adı çəkilən mistik səyahətin məqsədinə xidmət etməyəcəkdir.

Daha sadə və daha real dəlil istəyənlər üçün xatırladaq ki, dua ilə namaz arasında çox açıq görünən bir fərq qoymaq lazımdır. Namazdan kənarda bir növ Allahla baş-başa qalan zaman edilən (münacat) duada insanın arzu və diləklərini Rəbbinə istədiyi dildə və istədiyi vəziyyətdə çatdırmasına heç kim heç bir zaman etiraz edə bilməz. Dua bəndə ilə Yaradanı arasındakı birbaşa münasibətlərə aid olan şəxsi və xüsusi bir məsələdir. Bundan fərqli olaraq namaz ümumi və bütövlükdə camaata aidiyyatı olan bir ibadətdir. Ona görə də, namaza qoşulan digər insanların istək və ehtiyaclarının da mütləq nəzərə alınması lazımdır. Namazın prinsip etibarı ilə və ən yaxşı hal kimi digər insanlarla birgə, yəni camaatla qılınmalı olduğunu açıq şəkildə vurğulamalıyıq. Fərdi, təkbaşına namaz qılınmasına icazə verilib, ancaq bu, heç bir zaman tövsiyə edilməyib. Namazı camaatla birgə qılmaq həmişə təkbaşına qılmaqdan üstün tutulub. Hətta, iki nəfər bir araya gəldikdə dini baxımdan camaat təşkil etmiş olurlar və digər gələnlər onlara qoşulur, imama tabe olaraq birgə namaz qılırlar. İndi isə camaatla qılınan namazların digər cəhətlərinə daha yaxından nəzər yetirək.

Əgər İslam regional, irqçi və ya milli bir din olsaydı, bu dinin bütün mənsublarının həmin regionun, həmin irqin və həmin millətin danışdığı dildə danışması lazım gələcəkdi. Ancaq möminləri - birinin o birini anlamadığı - yüzlərlə dildə danışan və dünyanın hər yanında yaşayıb bütün irqlərə mənsub olan ümumbəşəri bir dinin zərurət və ehtiyacları tamamilə fərqlidir. Bizim (müsəlmanların) həyatımız hələ həzrət Peyğəmbərin dövründə kosmopolit idi, bu gün isə daha da kosmopolitdir. Dünyanın müsəlmanlar yaşayan hər bir şəhəri - istər orada olan qonaqlar, istərsə də həmin şəhərdə daimi yaşayan insanlar olsun - müxtəlif dil qruplarından olan insanların məskəninə çevrilib. Belə olan halda xaricilərə qarşı nəzakət və qonaqpərvərliyi burada nəzərə almaq lazımdır. Deyək ki, bir türk Çinə gedir. O, Çin dilində bir kəlmə də bilmir. Fərz edək ki, həmin türk küçədən keçərkən bir nəfərin "çan çu çi çan" kimi sözlərlə qışqırdığını eşidir. Əlbəttə ki, bu sözlərin mənasını başa düşməyəcək. Əgər bu sözlər müəzzinin oxuduğu azanın Çin dilində tərcüməsidirsə, həmin müsəlman türk bunu başa düşmədiyi üçün o gün o şəhərdə qılınan cümə namazını özü də bilmədən ötürəcək, digər namazları da məsciddə qılmaqdan məhrum olacaq. (Yeri gəlmişkən, Çin məscidləri Fransa, İngiltərə və ya Şərq ölkələrindəki məscidlərə oxşamır və minarələri də yoxdur). Bu cür vəziyyətlə təkcə müsəlman bir türk deyil, eyni zamanda xarici ölkələrə səfər edən müsəlman bir çinli də qarşılaşa bilər. Hər bir müsəlman namazı öz dilində qılsa, eyni dinin mənsubları arasında heç bir ortaq nöqtə qalmayacaq. Bu baxımdan ümumbəşəri bir dinin bütün möminlər arasında ortaq olan bəzi önəmli dəyərlərə məcburən ehtiyacı vardır. Azan və namazda oxunması zəruri olanlar ibadətin yerinə yetirilməsində bu əsas dəyərlərin bir qismini təşkil edir. Bu əsnada qeyd edək ki, iki fərqli dilin sözləri bəzən eyni mənada olmadıqları halda oxşar şəkildə tələffüz edilir, bəzən də hansısa dildəki normal bir söz başqa bir dildə gülünc və ya qeyri-etik məna ifadə edir. Belə bir təhlükəli vəziyyət öncədən bilinməyən, ilk dəfə, məsələn, hansısa səfər əsnasında eşidilən bir dillə bağlı yarandıqda onun nəticəsi daha pis ola bilər. Bu cür arzuedilməz vəziyyət Rəbbə ibadət üçün qılınan namazın ümumi ruhuna ziddir. Bu baxımdan adətən uşaqlıqdan vərdiş olunmuş mətnlər belə bir problemin qarşısını alır, namaz qılan şəxs ərəb olmasa da, namaz mətnlərini ərəbcə oxuyur.

Bəzən xarici düşməni haqqında çirkin düşüncələrə malik olan insan oğlunun psixoloji cəhəti də yaddan çıxarılmamalıdır. Hər gün qarşılaşdığımız bəzi hallar, siyasi (milli), hətta, şəxsi problemlər, ziddiyyətlər, məsələn, bir fransızı ingiliscə, almanca, rusca və ya başqa bir dildə qılınan namaza qatılmamağa sövq edəcəkdir. Ərəbcə Quran və Hədis dili olduğuna görə müsəlmanların gözündə sarsılmaz hörmətə və prestijə malikdir. Ərəblərin dili olduğuna görə yox, Peyğəmbər həzrət Muhəmmədin, "möminlərin anaları"nın, son sözünü, son əmrini bizə çatdırmaq üçün Allahın özünün seçdiyi dil olduğuna görə müsəlmanlar namazı ərəbcə qılırlar.

Dindaş olan insanlar arasında birlik və həmrəylik zərurətinin üzərində nə qədər israr edilsə, yenə də azdır. Bu baxımdan adı çəkilən sahədə öncədən var olan dəyərləri itirmək əvəzinə qardaşlıq münasibətlərini gücləndirmək üçün hər gün yeni əlaqələr qurmaq, irəliləyişlər əldə etmək lazımdır.

Bu məsələdə (namazın ərəbcə qılınması məsələsində) beynəlxalq konfranslar və konqreslər də nümunə göstərilə bilər. Məsələn, BMT-nin toplantısına qatılan bir şəxsin danışmaq üçün istədiyi dili seçməsi mümkün deyil. Bu, həm təşkilatın qaydasına, həm də orada güdülən məqsədə ziddir. Çünki BMT-nin toplantısında iştirak etməkdə məqsəd hansısa bir dildə danışmaq yox, öz mövqeyini, fikirlərini orada iştirak edənlərə çatdırmaqdır. Bu baxımdan BMT-nin rəsmən qəbul etdiyi dillərin birində, qaydaya görə ingilis və ya fransızcadan istifadə etmək - yaxud çıxışını tərcümə etmək - məcburidir. Heç kim bu qaydaya etiraz edə bilməz. Bir sözlə, ümumi maraq baxımından şəxsi maraqlar qurban verilir, yoxsa uzun müddət ərzində şəxsi mənfəətinin belə hədər olması gözlənilən haldır.

Məsələnin heç də az əhəmiyyət kəsb etməyən bir cəhəti də var. Həqiqətən də, heç bir əsərin tərcüməsi əsla onun orijinalının yerini vermir. Məsələn, bu gün fransız dilində (dünyanın bir çox dillərində olduğu kimi) Quranın xeyli tərcüməsi var. Halbuki, zaman keçdikcə yeni tərcümələrə də rast gəlirik. Bu tərcümələri edənlər keçmiş tərcümələrin bəzi qüsurlu cəhətlərini aşkarladıqları üçün belə bir işə girişirlər. Bu cür vəziyyət təkcə fransızcaya deyil, dünyanın bütün dillərinə şamil edilə bilər. Üstəlik, belə hal Quranla yanaşı digər əsərlərin tərcüməsi üçün də xarakterikdir. Elə isə qüsurlu yoxsa mükəmməl olandan, yaxud tərcümədən və ya orijinaldan istifadə etmək lazımdır?

Bu mövzu ilə bağlı yeri gəlmişkən, xatırladaq ki, İslamdan başqa heç bir din əsaslandığı ilahi vəhyin orijinalına, qurucusunun təliminin əslinə bu gün tam və qüsursuz şəkildə malik deyildir. Xristianların, yəhudilərin, zərdüştlərin və digər dinin mənsublarının müqəddəs kitab hesab etdikləri, əllərində olan əsərlər ya tərcümələrdən, ya da ən uzağı bəzi müqəddəs mətnlərdən ibarətdir. Müsəlmanların bu məsələdə istisna təşkil etmələri, vəhyin, yəni Qurani-Kərimin orijinal mətninin bu günə qədər gəlib çıxması çox böyük xoşbəxtlikdir!

Əlavə edək ki, Quran nəsr əsəri olmasına baxmayaraq, ritm, avaz və s. olmaqla şeirin bütün xüsusiyyətlərini və ecazkarlığını özündə ehtiva edir. Bu, elə bir səviyyədədir ki, nəzm əsərinin misrasına bir hərf əlavə etdikdə və ya çıxartdıqda həmin misra necə pozulursa, Quranın mətninə bir hərf artırıldıqda və ya çıxarıldıqda ilahi mətnin ecazkarlığı da o cür pozulur.

Bir müddət əvvəl İslamı qəbul etmiş bir musiqiçi mənə Quranın 110-cu surəsi olan "Nəsr" surəsində çatışmazlığa bənzər bir şeyin olduğunu söylədi. Çünki həmin surədəki bir yeri "fi dinillahi əfvəcə fəsəbbih" kimi oxuyurdu. Ona görə bu, musiqi baxımından qüsurlu idi. O vaxt Quranın oxunması (qiraəti) ilə bağlı azacıq məlumatım mənim imdadıma çatdı və ona "Xeyr, bu hissənin düzgün oxunuşu "fi dinillahi əfvəcə fəsəbbih" yox, "fi dinillahi əfvəcən fəsəbbih"dir", dedim. Bundan sonra həmin musiqiçi və xoş niyyətli qardaşımız mənə belə cavab verdi: "Sizin imanınız sayəsində imanımı yeniləyirəm. Musiqi baxımından əskik bir şey qalmadı və Quranın bu bölümündə heç bir əskiklik görünmür".

Quranın nəsri şebrin misraları qədər ölçülü və həmahəngdir. Belə möhtəşəm və mükəmməl bir şeyin yerinə nisbətən bayağı bir şeyi qoymağı kim arzu edər?

İslamın namaz ibadətində söylənilən ifadələrin (sözün) çox az olduğunu da nəzərdən qaçırmamaq lazımdır. İlk olaraq namazla bağlı azan və iqamə var. Bilavasitə namazın daxilində isə "Allahu əkbər", "Sübhanə Rəbbiyəl-azim", "Sübhanə Rəbbiyəl-əla" ifadələri, (yeddi ayəlik) qısa "Fatihə" surəsi və Quranın digər surələri, eləcə də qısa "ət-tahiyyatu" ilə dualar oxunur. Namazda söylənilən ifadələrin və sözlərin hamısı bundan ibarətdir. Bu mətnlər bütövlükdə bir səhifədən çox olmaz, üstəlik, bu mətnlərdəki sözlərin əksəriyyətini müsəlmanlar bilirlər və müsəlman ölkələrin dillərinə daxil olmuşlar. Hətta, o səviyyədə ki, namaz qılmağa yeni başlayan şəxs onların mənasını asanlıqla və əziyyət çəkmədən öyrənə bilər. Onların mənaları bir dəfə öyrənildikdən sonra isə müsəlmanın namazı artıq mexaniki və mənasını bilmədən əzbərləmək mahiyyətini itirər.

Bu sətirlərin müəllifi şəxsən belə düşünür: heç bir müsəlman Quranın tərcüməsinə heç bir zaman Allah tərəfindən elçisinə (həzrət Muhəmmədə) vəhy olunmuş orijinalına göstərdiyi qədər hörmət bəsləməyəcəkdir. Çünki tərcümə məhz Allahın elçi təyin etdiyi Peyğəmbər kimi yanlış və səhvlərdən qoruduğu bir şəxs tərəfindən deyil, adi bir insan tərəfindən edilir.

Bu məsələ ilə bağlı ərəb dilinin qeyd etməyə layiq başqa bir cəhəti də var. Bu da ondan ibarətdir ki, hamı tərəfindən qəbul edilən müqayisəolunmaz musiqi xüsusiyyətindən əlavə ərəb dili on əsrdən bəridir ki, dilçilik, lüğətçilik, tələffüz, hətta, yazılış baxımından dəyişməmişdir. Bu günün ərəb qəzetlərini və radio verilişlərini başa düşənlər Quranın dilini də tam mənası ilə başa düşürlər. Son Peyğəmbər və Allahın elçilərinin möhürü tərəfindən gətirilmiş din üçün köhnəlməyən bir dil də lazım deyilmi?

Bir gün bir universitet tələbəsi qarşımda duraraq namazda söylənilən sözlərin (oxunan ayə və duaların) mənasının başa düşülməsinin önəmi üzərində israrla dayandı. Gördüm ki, ona söylədiyim dəlillərin heç birini qəbul etmək istəmir. Bu zaman ona "Yaxşı, siz mənə ana dilinizdə beş vaxt namaz qılacağınıza dair söz versəniz, mən də sizin bunu etməyinizə (başqa dildə namaz qılmağa) icazə verəcəyəm", dedim. Həmin tələbə mübahisəni dərhal dayandırdı və bir daha mənim yanıma gəlib bu mövzudan söhbət açmadı. Başqa ifadə ilə desək, inancı və ibadəti milliləşdirmək istəyənlər ibadət etmək istəməyən insanlardır. Ən azından namazın yalnız ərəbcə qılınmasına etiraz edənlərin böyük əksəriyyətini bu qəbildən olanlar təşkil edir. Bir möminin İslama inanmayan və onu həyatında tətbiq etməyən şəxslərin nə dərslərinə, nə də öyüdünə ehtiyacı var!

Sözümü bitirməzdən əvvəl bildirim ki, namazda Quranın tərcüməsini oxumağın caiz olduğu fikrini müdafiə edərkən Əbu Hənifə (Miladi 767-ci ildə vəfat edib) kimi böyük bir şəxsiyyətin bu məsələdə onları dəstəklədiyini söyləyən bəzi insanlar var. Bu şəxslər Əbu Hənifənin əvvəllər belə bir fikir irəli sürdüyünü, amma sonra bu fikrini dəyişdirdiyini (belə ki onun bu fikrini dəyişdirdiyini İslam Hənəfi hüququnun əsas kitabları olan əl-Mərginaninin "Hidayə", əl-Haskafinin isə "əd-Dürrül-muxtar" əsərində çox açıq bir şəkildə görürük) və Əbu Hənifənin ilahiyyatçı-hüquqşünasların ümumi fikrinə qoşularaq namazda yalnız ərəbcə mətndən istifadə edilməsi qənaətinə gəldiyini söyləmək istəmirlər. Əlbəttə, yeni müsəlman olmuş bir şəxsin vəziyyəti kimi xüsusi hallar nəzərə alınmışdır. Belə ki İslamı qəbul edən şəxsin dərhal beş vaxt namaza başlaması lazımdır. Namazda isə müəyyən ifadələr ərəbcə oxunmalıdır. Həmin şəxsin bu ifadələri, ayələri və duaları əzbərləyənə qədər onların tərcüməsini öz ana dilində və ya bildiyi başqa bir dildə oxumasına icazə verilmişdir. Bu məsələdə əlimizdə Salman əl-Farsi ilə bağlı diqqətəlayiq bir nümunə var. O, "Fatihə" surəsini məhz həzrət Peyğəmbərin icazəsi ilə fars dilinə tərcümə etmiş və onu İslamı yeni qəbul edən bir qrup iranlıya göndərmişdir. (Bax: "Tac əş-şaria", "Nihayə haşiyə əl-Hidayə"; əs-Sərahsi "əl-Məbsut"). Onlar da bu tərcümədən dilləri ərəbcə mətnə alışana qədər istifadə etmişlər. Belə olan halda, yeni müsəlman olanlar ərəbcə mətnlərin başqa bir dildə tərcüməsindən bir neçə saatlığa və ya bir neçə günlüyə haqlı olaraq istifadə edə bilərlər.

Qısacası, namazın başqa bir dildə qılınmasının həm müsbət, həm də mənfi tərəfləri var. Ümumbəşəri bir dinin mənsubları üçün namazı öz dillərində qılmaq eyni şəkildə həm faydalı, həm də zərərlidir. Belə olan halda faydaları ilə zərərləri bir tərəzidə çəkib konkret qərar qəbul etmək lazımdır və ehvəni-şərrin (şərli olan iki şeydən daha az şəri olana üstünlük vermək) harada olduğuna diqqət göstərilməlidir!