باخیش

Namazı öyrənmək istəyənlər üçün…

Müqəddəs dinimiz olan İslamda maddi və mənəvi təmizliyə çox böyük əhəmiyyət verilir. Hətta təmizlik imanın yarısı olaraq qiymətləndirilir. Qüsl, dəstəmaz və namaz isə bu maddi və mənəvi təmizliyin ən böyük nümunəsi və simvoludur. «Qüsl və dəstəmaz ümumiyyətlə, islamda bütün ibadətlərin girişi və açarıdır» desək, yanılmarıq. Namaz isə İslamın əmr etdiyi ən böyük və əhəmiyyətli ibadətlərdən biridir. Bir çox faydası və hikməti olmaqla yanaşı namaz əvvəla insana, uca və böyük olan Allahın razılığını qazandıran, insanı yaradıcısı olan Allaha yaxınlaşdıran və möminin meracı olan bir duadır. Bundan başqa namaz -İslam dininin beş əsasından biri, peyğəmbərlərin yolu, mələklərin sevgisinə nail edən bir ibadətdir. Eyni zamanda namaz imanın işarəsi, duanın qəbuluna vasitə, rizqə bərəkət gətirən, insan vücuduna rahatlıq verən saleh bir əməldir. Namaz həmçinin düşmənlər üzərinə bir silah olan, şeytanı insandan uzaqlaşdıran, ölüm mələyi ilə namaz qılan arasında bir şəfaətçidir. Namaz

qəbirdə işıq, Münkər və Nəkir mələklərinə cavab, qiyamətə qədər qəbirdə can yoldaşı, qiyamət günündə namaz qılanların üstündə bir kölgəlik, insanın başının tacı, bədənin paltarı, önündə gedən nur, Rəblərinin hüzurunda möminlərin hüccəti, Sirat körpüsündən keçiş, cənnətin açarı və mərifət nurudur. Namaz daha necə çox hikmətləri olan Ərəb dilində adı "salət (cəmi salavat)" sözləri ilə ifadə edilən, təkbir ilə başlayıb müəyyən hərəkət və sözlərlə davam edərək salamla sona çatan, Uca yaradan olan Allah Təalaya qarşı təsbih, təzim, həmd və şükrün ifadəsidir. Və namaz, böyük İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (sallallahu əleyhi və səlləm) də dediyi kimi "onun gözünün nurudur".

Daha bilmədiyimiz çox böyük faydaları, savabları və hikmətləri olan namazı öyrənmək və öyrətmək üçün hazırlanan və möminlərimizə təqdim edilən bu kitabın işıq üzü görməsi çox sevindirici bir haldır. Müstəqilliyimizdən günümüzə qədər olan son bir neçə il ərzində din sahəsində baş vermiş müsbət dəyişikliklər, əhalinin geniş kütlələrinin dinin mənəvi-etik dəyərlərinə uyğunlaşması, dini ədəbiyyatın yayılması, ixtisaslaşdırılmış tədris mərkəzlərinin açılması, yeni ibadət ocaqlarının tikilib köhnələrinin bərpa edilməsi, müqəddəs yerlərə ziyarətlərin təşkili ölkəmizdə dindarlığın geniş vüsət aldığını, getdikcə dindarların sayının artdığını və dinə olan ehtiyacın genişləndiyini göstərir. Biz inanırıq ki, bu kitab dinini öyrənməyə çalışan və namaz qılmağa başlayan dindarlar üçün çox böyük bir töhfədir. Ona görə də kitabın hazırlanmasında əməyi keçən və zəhmət çəkən hər kəsə təşəkkür edirik. Qoy bu kitabdan öyrəndiklərimiz parlaq bir nur kimi hər birimizin haqq yolunu daim işıqlandırsın və imanımızı kamilləşdirsin. Qəlbimizin qapılarını hər cür pislik, yamanlıq, dünyanın nəfsani hərislik və xəbisliklərinin üzünə bağlasın. Qoy Allah dərgahında, ruhlar aləmində şərəfli, ləyaqətli yer tutmağımız üçün bizə yar olsun. Amin!