باخیش
جمعه 10 تیر 1390
بؤلوم | عومومی یازار : نژادمحمد

Vəhhabilər kimdir

Sual: →Salam. Məni çoxdandır bir sual maraqlandırır! Vəhhabi nədir? Onlar adi müsəlmandan nə ilə fərqlənir? Onların məqsəd və vəzifələri haqda bildiklərinizi məndə bilmək istərdim. Bunlar necə ibadət edirlər? Onlar haqqında eşitdiyim hər bir şey çox iyrənc və çox pisdir. Çox sağ olun

Cavab: →Allaha həmd olsun. Ona sığınır, Ondan yardım diləyirik. Siz bizdən Vəhhabilər haqqında məlumat verməyimizi soruşursunuz. İstər dost olsun istər düşmən söhbət kimdən, nədən gedir getsin bizim üçün əhəmiyyətli deyil, bizim üçün hər şeydən üstün olan Allahın əmr etdiyi ədalətdir.

"Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!" (Ən-Nisə 135)

Bu günləri Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri də "Vəhhabi" məsələsidir. Vəhhabilik nədir, vəhhabilər kimlərdir? Bu gün bu sualla Azərbaycandakı 8 milyon insana müraciət edilsə, Allah bilir bəlkə də 8 milyon fərqli cavab alınar. Bir sözlə bu gün cəmiyyətimizdə bəzi "Vəhhabi" anlayışları var.

Əfsuslar olsun ki, günümüzdə dininə bağlı olan, dinini sevən, Allaha təslim və itaətə dair verdiyi sözə sadiq qalmağa çalışan müsəlmanlara "Vəhhabi" deyirlər. Bu istər şiə olsun, istər sünni olsun, istər sufi olsun, istər hədis əhli olsun, istər kəlamçı - fəlsəfəçi olsun hər kəsə aid edilə bilər. Məsələn, əgər biri dinindən güzəşt etməyib içkili toy məclisinə getməz və ailəsini də aparmazsa və ya ailəsindən hicab taxmasını tələb edərsə bu adam olur radikal vəhhabi. Yox əgər adam bir yandan namaz qılıb sonra əyləncələrə qatılarsa onda o adam olur "yaxşı müsəlman" Bunlara "Vəhhabi" damğasının vurulmasının tək bir səbəbi, bunlar tək bir "günahı" Allahın əmrlərini yerinə yetirməyə çalışmalarıdır. Bunlar dinlərini olduğu kimi qəbul edib buyurulduğu kimi, yerinə yetirməyə çalışdıqları üçün insanların hədəfinə çevrilmişlər.

Sərf etməyən, mane olan, həqiqəti bilən, haqqı söyləyən hər kəsə lazım olan vaxt bu damğanı vurmaq qalır. Artıq kim sərf etmirsə onun haqqında bir kəlmə "Vəhhabi" demək kifayətdir. Dininə bağlı olanlar isə çoxlarına sərf etmir.

Zina etmə, siğə eləmə, rüşvət alma, içki içmə, narkotik istifadə etmə, qadın alveri ilə məşğul olma, homoseksuallıq etmə! Tövbə et, saqqalı qırxma, Allahdan başqasına ibadət etmə...Bu kimə sərf edər ki? Allahın bu sadiq qullarına qarşı mübarizədə bir çox zümrələrin maraqları üst üstə gəlir. Məsələn narkotik satanların. Vaxtı ilə narkoman olub sonradan tövbə edən bu "Vahhabilər" özləri tövbə etməkləri bəs deyil, narkotik istifadə edən gəncləri də imana dəvət edirlər. Sən tövbə etdin, mən tövbə etdim, bəs narkotik satanların planını kim dolduracaq? Onlardan da plan tələb edənlər var axı. Həm də plan tələb edən eyni zamanda həm də bu zəhəri istifadə edənlərdən də dolanır axı. Nəticədə bu biznesə iki tərəfli zərbə vurulmuş olur. Hesablama vaxtı gələndə bütün bunların günahkarı kim olur? "Vəhhabilər"!

Yenə cadugərlər, falçılar, sehrbazların da biznesi dininə bağlı olanların (Vəhhabilərin) sayəsində zəifləmiş olur.

Yenə dilənçi biznesini əlində tutanlara da dininə bağlı müsəlmanların olması sərf etmir.

Yenə dini ticarətə çevirən gəlir mənbəyi edən dinini Quranı satanların da işinə bunlar yaramır. Xurafat, mövhumat, cəfəngiyat üzərində öz biznesini quran çoxları da bu "Vəhhabilərə" qarşı mübarizədə ortaqdırlar.

Yenə adam haqqı bilə-bilə şeytanın yolu ilə gedir. Bir gün qızı və ya oğlu ona bu yoldan əl çəkməyə dəvət edir. Bu da onun nəfsinə ağır gəlir. Yenə günahkar axtarmaq lazımdır. Kimdir günahkar? "Vəhhabilər".

Dininə bağlı olanlara (Vəhhabilərə) qarşı davadakı bu ittifaqa hələ çoxları daxildir. Siz hamınız bunları bilirsiniz. Çünki insan susanda, boyun əyəndə ona hücumlar az olar, o müvəqqəti olaraq "yaxşı müsəlmanlar" siyahısına daxil edilər. Elə ki, haqqı söyləmiş oldu hücumlar çoxalar, "Vəhhabi" damğası vurular. Bu damğa vurmaq adəti yeni bir şey deyil ki. Peyğəmbərlərə də, onlara tabe olanlara da, salehlərə də tarix boyunca damğa vurublar.