İslam dininə görə bizim 8 martı qeyd etməyimiz doğrudurmu?

Sual: → Əssələmun Aleykum. İslam dininə görə bizim 8 martı qeyd etməyimiz doğrudurmu?

Cavab: → Allaha həmd olsun.Bayramlar həmişə bir xalqın, bir cəmiyyətin dünya görüşünü əks etdirməkdədir. Yəni bayrama sadəcə ilin müəyyən günündə insanların bir yerə toplanaraq əylənməsi demək deyil. Bayram toplumun həyata baxışını, insana baxışını təzahür etdirən çox əhəmiyyətli bir vaqiədir.

Eyni zamanda bayramlar cəmiyyətlərin əqidəsini də əks etdirməkdədir. Bu gün cəmiyyətimizdə bir çox bayramlar diqqət edirsinizsə yad cəmiyyətlərin əxlaqını, həyat tərzini də özü ilə bərabər gətirir (məsələn milad bayramı, və s).

Müsəlmanlar bəzən bayramlarla xüsusi günləri bir-biri ilə qarışdırırlar. İnsanlar tərəfindən qeyd edilən bəzi günlər vardır ki, onlar bayram deyil (məsələn, mövlud günü, müstəqillik günü və s.). Bu günləri bayram olaraq ələ almaq düzgün deyildir. Rəsul (s) müsəlmanın bayramının iki olduğunu deyir. Bildiyimiz kimi bunlar qurbanlıq və Ramazan bayramıdır. Bu günləri də qeyd etdiyimiz vaxt diqqətli olmalıyıq. Dini-mənəvi dəyərlərimizə zidd olan günlərin qeyd edilməsi yol verilməzdir (məsələn, 14 fevral sevgililər günü).

8 marta gəlincə onu deyə bilərik ki, bu gün kommunist dövründən bizə yadigar qalmışdır. Zatən bu günün qeyd edilməsinin əsasını qoyan Klara Setkin də bir alman kommunisti idi. Dünyada da bu günü qeyd edənlər əsasən keçmiş kommunist ölkələridir. Bu günün məntiqinə görə həmin gün qadınlar xatırlanmalı, onlara hədiyyə verilməli və xüsusi hörmət göstərilməlidir. Qəribədir, qadınların hər cür alçaldıldığı, bir reklam vasitəsinə çevrildiyi günümüzdə insanlar bir gün qadınları xatırlamaqla vəzifələrini bitmiş hesab edirlər.

Mart ayının 8 – də qadınlar yada salınır, ilin sonrakı günlərində isə onlar bar və diskotekalara çıxarılır, müxtəlif ölkələrə cinsi istismar üçün göndərilir. Qadın bədəni bir şampunun, bir ətrin, reklam edilməsi üçün ekranlara, qəzet və jurnal səhifələrinə çıxarılır. Və bunu edənlər utanmadan 8 mart günü qadınları təbrik edir.

İlin bütün günlərində onları istismar edən cəmiyyət bir gün onları xatırlayır. Əslində bu gün qadınlara təhqirdir. Heç şübhəsiz ki, İslam mənşəyi yad və zərərli əqidələrdən doğan bu kimi bayramların qeyd edilməsinin əleyhinədir. İslam qadının bir gün dəyərləndirilməsini istəmir, İslam qadınlara ilin bütün günlərində onların layiq olduğu dəyəri, hörməti göstərməyi əmr edir. Allah Qurani Kərimdə "Onlar (qadınlar) sizin, siz də onların libasısınız." (Bəqərə 187) deyə buyurmaqdadır. Yəni qadın və kişi bu qədər bir – birini beləcə tamamlayan məxluqlardırlar. Eyni zamanda Quran "(Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. (Bəqərə 228) - deyə buyurur.

Bu haqlar ilin müəyyən günündə deyil bütün günlərində yerinə yetirilməlidir.

<!--[if !supportLineBreakNewLine]-->Allah bizi haqq yolundan ayırmasın.