Cənubi Koreyada ilk İslam məktəbi açılır

Cənubi Koreyalı müsəlmanlar İslamı ölkədə daha yaxşı tanıtmaq üçün ölkədə ilk İslam məktəbinin yaradılması istiqamətində fəaliyyətlərini intensivləşdiriblər.

Koreya Tayms qəzetində dərc olunan xəbərə görə, Cənubi Koreyanın müsəlman liderləri müsəlman olmayan şagirdlərin də təhsil ala biləcəyi ilk İslam məktəbinin açılması üçün fəaliyyətlərini intensivləşdirib.

Koreyalı Müsəlmanlar Federasiyasının (KMF) baş katibi Kim Hvan Yun sözügedən qəzetə verdiyi müsahibədə ölkədə islam elmlərinin tədris ediləcəyi yeni bir məktəbin açılması istiqamətində iş aparıldığını bildirərək məktəbin 2009-cu ildə fəaliyyətə başlayacağını qeyd edib. Yun, tədris mərkəzinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyini bildirməklə yanaşı, təhsil müəssisəsində ingilis və ərəb dillərinin, İslam elmlərinin tədrisinin nəzərdə tutulduğunu da vurğulayıb.

"Cənubi Koreyada İslamın yaxından tanıdılması üçün tədris müəssisəsində dərnək açılması da nəzərdə tutulur" - deyə qeyd edən baş katib məktəbdə müsəlman tələbələrin ibadətlərini rahat şəkildə yerinə yetirə bilməsi üçün məscid inşa ediləcəyini də bildirib. Baş katib bununla yanaşı, müsəlman olmayan tələbələrə bu barədə heç bir təzyiq göstərilməyəcəyini də qeyd edib.

Koreya Tayms qəzetinin verdiyi xəbərdə 2009-cu ildə açılması nəzərdə tutulan təhsil müəssisəsini ilə Səudiyyə Ərəbistanı, Malayziya və Tailanddakı İslam təşkilatları ilə əməkdaşlıq edəcəyi və qeyd olunan ölkələrin təhsil qurumları ilə tələbə mübadiləsi proqramlarının həyata keçiriləcəyini də bildirib.

Qeyd edək ki, yaxın gələcəkdə 150 minə yaxın müsəlmanın yaşadığı Cənubi Koreyada böyük bir İslam Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Məlumat üçün bildirək ki, maliyyəçi tərəf olan Səudiyyə Ərəbistanının Koreyadakı səfirliyi inşaatın başlanması üçün ilkin mərhələdə 500 min dollar məbləğində vəsait ödəyib.