Amerikalı qadın İslamı necə qəbul etdi

Müsəlman olmuş amerikalı Nur Avbiye müsəlman olana qədər keçdiyi həyat yolunu bizə nəql edir:

"Hekayəyə haradan başlayacağımı bilmirəm. Rəsmi olaraq 2006-cı il yanvarın 1-də Suriyanın paytaxtı Dəməşqdə müsəlman oldum.

2003-cü ildə şəhadət gətirmiş, Allaha ümidlərimi və xəyallarımı ərz etmişdim. Əslində hər zaman özümü müsəlman zənn edirdim. Ancaq çox şeydən xəbərsiz idim.

İnternetdən və kitab satılan yerlərdən İslamla bağlı obyektiv kitablar axtarmağa başladım. Az da olsa doğru məlumat əldə etdim. Lakin çox vaxt yanlış şeylər oxudum. Bu, həqiqəti və döğrunu əldə etmə mübarizəsi idi. Quran və sünnətdən başqa nə varsa, hamısını tərk etmək istədim. Necə bir müsəlman olduğumu bilmək üçün çox çalışdım. Bu, mənim üçün həm sevinc, həm də qəlb acısı idi.

Bir neçə dəfə yüngül əxlaqlı müsəlmanlarla qarşılaşsam da bu, sadəcə imanımın daha da güclənməsinə səbəb oldu. Hər kəsdən uzaq bir yerə çəkilib ağlamaq istəyirdim. İlk vaxtlar müsəlman kimi doğulan insanların məndən daha üstün olduqlarını düşünürdüm. Ancaq həqiqəti və doğrunu onlardan daha yaxşı bilməyim məni çox təəccübləndirdi. Bunu bildikdə çox pis oldum. Müsəlmanların həqiqətən də sıxıntı içində olduğunu gördüm.

Məhəmməd Saffiyə adlı bir müsəlman qardaş mənə çox yardım etdi və mən hal-hazırda Kanadada, Torontadakı Beynəlxalq Müsəlman cəmiyyətində (İMO) oxuyuram. Mənim oradakı müəllimim İmam Həmid Slimi qəlblərin İslama yönəlməsinə vəsilə olan çox möhtərəm bir insandır. Allah bu iki şəxsi cənnətlə mükafatlandırsın!

Burada adlarını zikr edə bilmədiyim bir çox gözəl əxlaqlı qardaş və bacılarla tanış oldum. Doğru yolda mənə dəstək verdikləri üçün Allah onlardan razı olsun!

Müsəlman və qeyri-müsəlmanlar tərəfindən İslam haqqında yazılmış bir çox kitab oxudum. Çox vaxt müsəlman alimlərin elmindən bəhrələndim. Bununla yanaşı hər gün əlaqədə olduğum və müxtəlif mövzularda olan islami məlumatları dərk edib yaxşı bir müsəlman olmağıma vəsilə olanlar da var.

Torontadakı ailə həyatı: Hekayəmi, zənnimcə, uşaqlığımdan anlatmağa başlayıram. Uşaqlığım Torontonun cənubunda dağlıq bir yerdə keçib. İki qardaşımın olmasına baxmayaraq özümü tənha hiss edirdim. Təkbaşıma oynayar, xəyallara dalardım. 3-4 yaşlarında ikən həyat və ölümlə bağlı yatdığım yerdə - yatağımda düşüncələrə daldığımı xatırlayıram. Allahın sifətlərini düşünürdüm. Həmçinin, əgər başqa bir şəxs kimi doğulsaydım, hansı ailənin üzvü olacağımı da çox fikirləşirdim. Bu yaşda olan kiçik bir qız üçün bu fikirlər çox böyükdür. Ailəm belə tək qalmaq istəməyimə çox təəccüblənirdi. Bəzən bir ağacın təpəsinə çıxıb saatlarla oradan enmirdim.

Pis bir ailə və dost mühiti: Uşaq vaxtı anamla hərdən kilsəyə gedirdik. Kilsəyə getmək, söhbətləri dinləmək və oradakı xaça baxıb o qoxunu almaq mənə xoş gəlirdi. Yetkinlik çağına çatanda çox asi bir qız olmuşdum. Ailəm tərəfindən o qədər də sevilmirdim. Atam içki içər və xırda şeylərdən dolayı bizi döyərdi. Ailəmə və özümə nifrət edirdim. Çox pis dostlarım var idi və onlarla səfil bir həyat tərzi keçirirdim. Hər zaman yerə baxaraq danışırdım. Heç kimin üzünə baxmırdım. Davamlı olaraq qorxu içində idim. Bir yerə aid olmaq hissi ilə dostlarımla// yoldaşlarımla nəşə belə çəkirdim. Allahın məndən xəbərdar olmadığını düşünürdüm. 18 yaşına çatanda evdən ayrıldım və dövlətin sponsorluq etdiyi bir qrupla birillik səyahətə çıxdım.

İlk iş mühiti: Evə qayıtdıqda kollecə daxil oldum və Uşaq və Gənc Zehin Sağlamlığı Cəmiyyətində işə başladım. Hər cür uşaq təcavüzünü və problemini gördüm. Mənim qəlbimi və ruhumu parçalayan bir mühit idi.

İşləməklə yanaşı, universitetdə fəlsəfə və psixologiya oxuyurdum. 25 yaşına çatanda həm universiteti, həm də işi buraxdım. Özümü həm fiziki, həm də ruhi olaraq bərbad vəziyyətdə hiss edirdim. Çox vaxt dərin bir stres içində olurdum.

İntihar etmək istəyirdim: Bir yaz axşamı özümü öldürmək qərarına gəldim. Hamamı səliqəyə saldım və vannanı qaynar su ilə doldurdum. Evdəki ən iti bıçağı əlimə aldım və yüngülcə biləyimə çəkdim. Bir az qan çıxdı və o anda içimə bir Allah qorxusu doldu. Sol çiynimdə şiddətli bir ağırlıq hiss etdim. Sanki çiynimdə bir əl var idi. Bütün xatırladığım bundan ibarətdir.

Bir neçə saatdan sonra oyandım. Günəş çıxmışdı, yeni bir gün doğmuşdu. O günə qədər çiynimdə belə bir yük hiss etməmişdim. Təkrar kilsəyə getməyə başladım. Hər bazar günü ağladım. Orada, Ankligan kilsəsində əvvəlki həyat yoldaşımla tanış oldum.

Böyük qəza: 8 il bir yerdə yaşadıq. Sonra ağır bir yol qəzası keçirdim. 2001-ci ilin may ayı idi. Maşın məni 80 km/saat sürətlə vurdu. Boynum, kürəyim, çiynim və dizlərim ciddi şəkildə yaralanmışdı. Müalicə olundum. Özümü çox pis hiss edirdim. Evlilik həyatımın da sona çatdığını düşünürdüm. Çox qəmgin idim.

11 sentyabr: 11 sentyabrdan sonra həyatım bütünlüklə dəyişdi. Şoka düşmüşdüm və çox bərk qorxmuşdum. Sanki Allah mənə bir sillə vurmuşdu. Bu, başqa bir xəbərdarlıq mesajı idi. Bütün dünya mənim üçün dəyişdi, insanları və hadisələri daha yaxşı başa düşməyə başladım. İlk əvvəl hamı kimi mən də qorxmuşdum. Daha çox medyanın mənə söylədiyi şeylə maraqlanmağa başladım.

Müsəlmanlar terrorist deyildilər: İş yerimdəki müsəlman olan yoldaşlarıma baxdım. Bu insanlar terroristə bənzəmirdilər. Onlarla münasibət qurdum. Baş verən hadisələrin geosiyasi səbəbləri ilə maraqlandım. Nə üçün bizə nifrət edirlər? Sonra Qərbin yüz illərlə Orta Şərq və cənubi Afrikada etdiklərini öyrəndim. Bizə nə üçün nifrət etdiklərini onda başa düşdüm.

Bu araşdırmaları apararkən İslam barəsində də düşünməyə başladım. Bu barədə axtarışda olduğum vaxt Məhəmməd Safiyyə ilə qarşılaşdım. Mənə ərəb əlifbasını, ərəbcə əsas ifadələri öyrətdi. Daha çox öyrənmək istəyirdim. Bir nəfər mənə Quranın ingilizcə tərcüməsini verdi. Allah kəlamının nuru qəlbimə dolmağa başladı. Məni o qədər təsiri altına almışdı ki, bütün bunları əvvəlcə bilib sonradan unutmuş kimi zənn edirdim.

Müsəlman olduqdan sonrakı sıxıntılar: İlk azanı eşitdiyim zaman hönkür-hönkür ağladım. Oxuduğum hər şey qəlbimdə iz buraxırdı. Həm nəşə, həm də kədər qaynağı olurdu. Aman Allah, bu kəlmələri oxuduqca ağlamaq istəyirdim.

İslam qəlbimi nurlandırarkən məndəki bu dəyişiklikdən dolayı bəzi insanlarla münasibətimdə problemlər yarandı. Mənə güldülər, təhqir etdilər və hədələdilər. Dostlarımı itirdim, ailəmə yad oldum. Ancaq qəlbən doğru yolda olduğumu bilirdim. Müsəlman və qeyri-müsəlman yoldaşlarımın məni təəccübləndirməsi onlar haqqında ümidlərimin puç olması ilə davam etdi. Allahın izni ilə araşdırıb öyrənməyim davam edirəm. Allaha layiq bir qul olmaq üçün dua edirəm. Allahın köməyi ilə doğru yoldan ayrılmaram və Allahın nəzdində təvazökar bir insan olaraq qalaram. Amin!

Nur surəsi və mən: Nur adını götürdüm. Çünki Nur surəsi mənim üçün çox əhəmiyyətli bir surədir. "Allah göylərin və yerin nurudur. O, möminlərin qəlbində olan nuru içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir".

Mənim hekayəm bundan ibarətdir. Ola bilsin, bu, çox əhəmiyyətli və tarixdə heç bir zaman olmayan şey deyil. Lakin mən kiçik bir qulam və Allahın lütf dəryasında bir qətrə olaraq hər gün mənə verdiyi hidayət nuru üçün şükr edirəm.