Soyqırım və ya döyüşmək İstəməyən millət

31 mart bizim soyqırım günümüzdür. Yenə də qarı düşməni xatırlayacaq, bizi qırdıqları, qətl etdiklərini dünyaya anlatmağa çalışacağıq. Bəli, 1918-ci ildə, elə bu gün 30 min azəri qətl edilmiş, qalanları yurd-yuvasından qovulmuş, ev-eşiyi talan edilmişdir.

Bundan sonra Qarabağ itkisi, Şuşa, Xocalı... Bunlar bizim faciələrimizdir. Bunu unutmamalı,evladlarımıza, gələcək nəsillərə çatdırmalıyıq. Amma...

Nə deyirsinizsə deyin. Mən həmişə bu xalqı "məzlum, yazıq xalq" olaraq dünyaya tanıdılmasının əleyhinəyəm. Dünyada bu yolu əvvəlcə yəhudilər getdi. Və nələrəsə "nail oldular". Ermənilər də onlardan dərs götürdü. Bu gün nələrsə əldə etdiklərini zənn etməkdədirlər. Amma nələri "qazansalar" da məzlumluq, yazıqlıq bu iki qövmün fitrəti, mentaliteti halına gəldi. İndi biz də bu yolu getmək fikrindəyik. İtirdiklərimizi qaytarmaq, bu yolda vuruşmaq, ölmək əvəzinə qara matəm günlərinin sayını təvimimizdə çoxaltmaqla məşğuluq. Zənnimcə bu vuruşmaq və ölməkdən qaçmağın bir yoludur.

Bizim "matəm sevgimiz" şəhidlik kimi müqəddəs anlayışı belə adi yas səviyyəsinə endirmişdir. Şəhidliyi bir faciə olaraq ələ almaq, həmən gün qaralara boyanmaq şəhadətin mənasından, onun mahiyyətindən xəbərdar olmamaqdır. Və ŞƏHİD OLMAQ istəməməkdir. Şəhadət günü (konkret 20 yanvar) bir millətin özünü təsdiq günü, şərəf və izzət günüdür.

20 yannvardan fərqli olaraq 31 mart kütləvi qırğın günü, faciə günüdür. Bu günlərdə bu millət zülmə uğramışdır. Fəqət bu da uğradığımız, bu zülmü milli kimliyimizə çevirməyə haqq vermir. Bu psixologiya bizi döyüşdən, ən əsası qisas ruhundan uzaqlaşdırır. Bu ruhla ən yaxşı halda müxtəlif təşkilatların qapısında yalvarmaq, onlardan çarə diləmək olar. Ola bilər bu gün biz dünyanın qarşısında zəifik.

Özümüzdə də döyüşmək ruhu yoxdur. Heç olmasa övladlarımızın tərbiyəsini matəmlərlə pozmayaq. Onları başqalarına özünü məzlum göstərən, onlardan dərdinə çarə axtaran məxluqlara çevirməyək.