باخیش
جمعه 10 تیر 1390
بؤلوم | عومومی یازار : نژادمحمد

Məni aldatma!

Cəmiyyətin maddi və mənəvi inkişafı bu cəmiyyətdə yaşayan fərdlərin əxlaqi keyfiyyətlərindən asılıdır. Əgər cəmiyyətdə mənəvi və əxlaqi gerilik varsa, bu cəmiyyəti təşkil edən fərdlərin əxlaqı dəyərlərinin aşağı səviyyədə olmasından irəli gəlir. Bu gün haqqında danışacağımız məsələ də yaşadığımız cəmiyyətdə fərdlər arasında mənəvi cəhətdən geriliyə səbəb olan amillərdən biri haqqında olacaqdır.

Bu mənfi amillərdən biri də hər il aprel ayının 1-də gənclər arasında bir-birilərini aldatma kimi xoşa gəlməz halların yaşanmasıdır. Bir-birilərini aldatmaq üçün inandırıcı olsun deyə müxtəlif yalanlar uyduran gənclər bu kimi əməllərin cəmiyyət üçün nə dərəcədə mənfi fəsadlar törətdiyini bəlkəm də anlamıllar. Bir şeyi anlamaq lazımdır ki, hər bir naqis əməl digər naqis əməl üçün şərait yaradır. Və bu zəncirvari olaraq davam edir. Nəticədə isə ayrı-ayrı fərdlər və yaxudda ümumilikdə cəmiyyət əziyyət çəkir. Kimisə aldatmaq ona yalan danışmağa sövq edir. Kiməsə yalan danışmaq isə həmin adamın haqqına təcavüz etmək deməkdir. Ümumiyyətlə yalan həm çox iyrənc və haram olan əməl, həm də ən böyük günah sayılır. Çünki digər haram əməllərə aparan yol yalandan qaynağlanır.

Uzun illər kafir ideologiyası altında yaşamış xalqımıza, aprel ayının 1-ni "Aldatma günü" kimi qələmə vermişlər. Hər hansı bir insanı aldatmaq isə onun hissiyatlarına, şəxsiyyətinə hörmətsizlik deməkdir. Aldadan tərəf zarafat naminə də olsa özünə qarşı insanlarda inamsızlıq və etibarsızlıq qazanmış olur. Deməli hər iki tərəfdən bu əməl mənfi hallar doğurur. Ən əsası isə kafir ideologiyasından bizə miras qalan bütün batil əməlləri tərk edib, islami əxlaqa üz tutmaq lazımdır. Çünki cəmiyyətin maddi və mənəvi inkişafı üçün Uca Allahın bir sistem olaraq göndərdiyi həyat tərzi, İslam şəriətidir. Cəmiyyət məhz bu İslam şəriətinə tabe olduca inkişafa və tərəqqiyyə nail olacaqdır. Çünki Uca Allahın insanlar üçün uyğun bildiyi yaşam tərzi İslam şəriətində mövcuddur.

İslamın Allah tərəfindən insanlara göndərilməsinin səbəblərindən biri də aldatmağı və yalanı insan həyatından silib atmaqdır. Uca Allah Qurani-Kərimdə belə buyurur: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!" ("Nəhl" surəsi, 105)

"Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!" ("Bəqərə" surəsi, 2/9-10)

Bu cür davranışların bir çox zərərəri vardır. Bunları bəzilərini sizə çatdırmaq istəyirik:

1. Aldadan şəxs insanların etibarını itirir və etibarsız adam kimi tanınır. Aldatmaq istədiyi adamı uydurduğu yalanla inandırmağa çalışır. Və nəticədə insanlar tərəfindən yalançı kimi tanınır.

2. Aldadan şəxs aldatdığı insanların qul haqqına təcavüz edir: "Qul haqqı" da həddindən artıq təhlükəli məsələdir. Çinki "qul haqqını" Allah bağışlamır, bu Allahın deyil, bəndələrin haqqıdır. Aldadılan bəndə aldadan şəxsi bağışlamasa, o şəxs Allah tərəfindən də bağışlanmaz və cənnətə girə bilməz. Qiyamət günü aldatdığının qarşılığında aldadanın savabları aldatdığı şəxsə verilir.

3.Aldadan şəxs Allahın qəzəbinə düçar olur: Başqasını aldadan şəxs Allahın qanunlarını pozduğu üçün onun lənəti və cəhənnəm əzabı ilə qarşılaşa bilər.

Bu günlərdə zarfatla da olsa belə insanları aldatmaq, onların hissləri ilə oynamaq İslam əxlaqına zidd bir hərəkətdir. Müsəlmanın əxlaq və davranışına tamami ilə əks olan hərəkətdir. Buna dair Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan bir hədis buna bir daha sübutdur. Allah Rısulu (s.a.s.) belə buyurur: "Bizə qarşı hiylə quran (bizi aldadan) bizdən deyildir" ("Kutubi-Sittə" 6642).

Səhabələrdən biri Allah Rəsulundan belə soruşur: "Ey Allahın Rəsulu! Mömin qorxaq ola bilərmi?"

"Bəli!", - dedi. Dedik "bəs xəsis ola bilərmi?", yenə də:

"Bəli!", - cavabını verdi. Biz bu dəfə də:

"Bəs yalançı ola bilərmi?", - deyə sualımıza bu dəfə: "Xeyr!", - dedi".

<!--[if !supportLineBreakNewLine]--><!--[endif]-->

Hədislərdən də bəlli olur ki, müsəlman olan insan heç kimi zarafat da olsa belə aldatmamalı və yalan danışmamalıdır.

Məhz buna görə də cəmiyyətimizin inkişafı və insanlarımızın mənəvi irəliləyişi üçün hər birimiz islam əxlaqına uyğun əməl etməliyik. Bizə kafirlərdən gələn "1 Aprel əyləncə və aldatma" kimi haram əməllərdən çəkinməli, həm bu gündə həm də bütün günlərdə doğru danışmalı və heç kimi aldatmamalıyıq.

Allah bu yolda hamımıza kömək olsun. Amin.