باخیش
جمعه 10 تیر 1390
بؤلوم | عومومی یازار : نژادمحمد

İçimizdəki tağut

Allah (s.t) həyat kitabımız olan Qurani-Kərimdə belə buyurur:

Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, peyğəmbər göndərdik.(Nəhl surəsi, ayə 36)

Digər bir ayədə isə Uca Allah belə buyurur:

Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.(Nisə surəsi, ayə 60)

Tağutları rədd etmədikcə imanın qəbul olunmayacağı açıq bir şəkildə ayələrdə ifadə olunur. Tağut dedikdə, Allahın endirdiyi hökmlərə müxalif olan və bu hökmlərin əvəzinə öz hökmlərini icad edən hər bir varlıq tağutdur. Tağut həmçinin Allaha (s.t) qarşı üsyan etməklə bərabər, Onun qullarını özünə qul etmək iddiasında olanlardır. Bu isə şeytan, dini və siyasi bir lider və ya bir kral ola bilər. Allaha qarşı həddini aşmış hər bir varlıq tağutdur. Qeybdən xəbər verən, falçılıqla məşğul olan, cadugərlik edən hər bir kəs də tağut hökmündədir.

Bu səbəbdən hər hansı bir insanın həqiqi müsəlman olması üçün tağutu rədd etməsi lazımdır. Çünki Uca Allaha iman etməmişdən öncə bütün tağutları inkar etmək şərtdir. Yəni tağutları inkar etmədən, Allaha iman gətirənin imanı yanlışdır. Buraya qədər anlatdığımız tağutlar bizdən xaricdə olan tağutlardır. Və hər bir iman gətirən insanın da bu xarici tağutlardan çəkinib, Allaha yönəlməsi lazımdır.

Lakin bu gün biz insanların daxilində olan tağutdan danışmaq istəyirik. İnsan öz daxilindəki tağutu rədd etdikdə o xaricdə olan tağutları da inkar etmək gücündə olur. Məhz buna görə də insan ilk öncə daxilindəki tağutu tanımalıdır. Tağutu tanımadan onu inkar etmək də mümkün deyildir. Bəs bu içimizdə, daxilimizdə olan tağut nədir? Bu elə bir tağutdur ki, insanları ibadətdən, Allaha qulluqdan, imandan kənar edir. Bu nəfsdir! Nəfs elə bir tağutdur ki, o insanı dünyaya və dünya nemətlərinə aludə edir. Nəticədə isə dünya nemətlərinə həris olan insan, bu nemətlərə nail olmaq üçün yalan danışmağa, oğurluq etməyə, rüşvət almağa hətta insan canına belə qəsd etməyə məcbur olur.

Nəfs onu elə bir səviyyəyə gətiri ki, o heyvandan fərqlənməz hala düşür. Nə gəldi yeyir, halal-haram bilmir və bu cür əməlləri "qoçaqlıq" , "zəmanəylə ayaqlaşmaq" kimi ifadələrlə haqq qazandırır. Halbuki, bütün bu əməlləri şeytan ona haram və günah əməllər kimi deyil, "bacarıq" kimi təlqin edir. Və nəticədə nəfsinə tabe olub zəlalətə doğru addımlayır.

Xaricdəki tağutlar ilahiləşdirildiyi kimi, daxili tağut olan nəfs də ilahiləşdirilə bilər. Və nəticədə insan öz nəfsini özünə ilah seçir. Və Allahdan qeyrisini özünə ilah seçdiyi üçün kafir olur. Uca Allah öz Rəsuluna bu xislətli insanlar barəsində belə müraciət edir:

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? (Əl-Furqan, 43)

Günümüzdə bu cür insanlara çox rast gəlmək mümkündür. Onlar nəfslərinin istəklərinə tabe olub, dünya həyatına kölə olmuşlar. Halbuki onlar Allaha qulluq etsəydilər, Allah onlara bu dünyada da , Axirət dünyasında da gözəlliklər bəxş edərdi. Əlbətdəki Uca Allah bu dünyada müsəlmana da, kafirə də rəhmlidir. Bu dünyadakı nemətlərin zərrə qədər qiyməti olsaydı, kafirə bir qurtum su belə verilməzdi. Axirət günündə isə Uca Allah yalnız müsəlmanlara rəhimli olacaq. Cənnət nemətləri isə yalnız bu dünyada ona iman gətirib və tağutlardan çəkinənlər üçün olacaqdır.

Uca Allah bu barədə belə buyurur:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.(al-İmran, 14)

İnsan anlamalıdır ki, bu dünya yaşamaq və zövq üçün bir məkan deyil. Bu dünya imtahan dünyasıdır. Bu dünyadakı nemətlər yalnız ondan istifadə edib, imtahana hazırlaşmaq üçündür. Çünki qarşıda böyük bir imtahan var. Bu imtahandan müfəvvəqiyyətlə keçə bilmək üçün bütün tağutları dil ilə, əməl ilə rədd edib, Allaha iman gətirmək lazımdır. Bunun üçün isə ilk növbədə daxilimizdə olan nəfs adında tağutu rədd etmək lazımdır. Daxilindəki tağutu rədd etmədən , xarici tağutları rədd etmək mümkün deyildir. Əgər mümkündürsə də bu yalnız dildə olacaq. Əməldə isə heç bir dəyişiklik olmayacaqdır.

Bu mənada gəlin bir daha bizi Allaha ibadətdən uzaqlaşdıran nəfsi istəkləri tərk edək. Daxilimizdəki nəfs adındakı tağutu və xaricimizdəki tağutları tərk edək ki, Allaha həqiqi mənada iman gətirək. Gəlin daxilmizdəki və xaricimizdəki tağutları ilahləşdirib onlara ibadət etməyək. Gəlin Yerin və Göylərin həqiqi Rəbbi olan Allahı ilahiləşdirək və ona da ibadət edək.

Sonda gəlin Uca Allahın bizlərə bu barədə müraciətlərinə bir daha nəzər salaq:

Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə, 256)

Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!(Zümər,17)

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.(Şəms,9)

Allah bütün müsəlmanları nəfsdən və onun şərrindən qorusun. Amin