Hər bismilləh deyib ət kəsən qəssabdan ət almaq olarmı?

Sual: → Hazırda müsəlmanlar əti kimdən almalıdırlar? Hər bismilləh deyib ət kəsən qəssabdan ət almaq olarmı?

Cavab: → Allaha həmd olsun.Müsəlman yediyi tikənin halalına-haramına fikir verməlidir. Bildiyimiz kimi İslam dini öz ardıcıllarına hər ətin yeyilməsini cəvaz verməmişdir. Yeyilən ət leş olmamalı, donuz və digər yeyilməsi haram olan heyvanlardan olmamalı və eyni zamanda yeyilməsi halal olan ətlər də İslami üsullarla kəsilmiş olmalıdır. Əks təqdirdə bu üsuldan kənarda qalan ət və ət məhsullarının yeyilməsi haramdır.

(Burada qeyd edək ki, əhli-kitab tərəfindən kəsilən heyvanların ətləri də (əlbəttə ki əti halal olanlar) müsəlmanlara halaldır)

Bu baxımdan əlbəttə ki, müsəlman yediyi ət məhsullarına fikir verməlidir. Bu gün həqiqətən bəzi ölkələrdən idxal olunan ət məhsulları qeyri-islami üsullarla kəsilmişdir. Hətta ölkəmizdə istehsal edilən bir sıra ət məhsulları belə bu baxımdan şübhəlidir. Məsələn donuz kolbasası istehsal edən bir şirkətin eyni ***lərində mal kolbasası da istehsal olunursa, eyni alətlər hər iki məhsulun istehsalında istifadə edilirsə burada haramın halala qarışması təbii haldır. Buna görə ölkəmizdə istehsal olunan bir çox ət məhsullarının üzərinə halal yazılmış olsa belə onu istehsal edən şirkət donuz ətindən də digər məhsullar istehsal edirsə onun bütün növ mallarının istifadəsindən çəkinmək lazımdır.

Qəssablardan alınan ətə gəlincə... Əlbəttə bu məsələdə də ehtiyatlı olmaq lazımdır. Tanıdığınız mömin bir qəssab varsa əti həmişə ondan alın. Bu ehtiyata və təqvaya uyğun olanıdır. Ümumi qaydaya gəlincə bir toplum ümumiyyətlə müsəlman olduğunu iddia edirsə bu toplumda özünü müsəlman qəbul edən birisinin kəsdiyi heyvanın əti halaldır. Buna dəlil olaraq bu hədisi göstərə bilərik:

Aişə (r.a.) rəvayət edir ki, bir camaat Allah Rəsulundan soruşdu: "Ya Rəsulullah, bir qövm bizə ət gətirir. Biz onların Allahın adını çəkib çəkmədiklərini bilmirik." Nəbi əleyhissəlam dedi: "Siz bismillah deyin və o ətdən yeyin". Aişə (r.a) deyir ki, "Bu qövm İslama yeni gəlmişdi". (Buxari)

Göründüyü kimi Allah Rəsulu İslama yeni gəlmiş, bir çox şərtlərdən xəbəri olamyan bir qövmün kəsdiyi ətin yeyilməsini qəbul etmişdi.

Ancaq burada bir məsələni qeyd edək. Əlbəttə siz bütün qarşınıza çıxan qəssabları iman imtahanına tutacaq deyilsiniz. Ancaq bu o da demək deyildir ki, heç nəyə fikir vermədən bu ölkədə hardan gəldi, necə gəldi ət almalısınız. Yaşadığnz yerdə daim ət aldığınız adamı bu və ya digər formada tanımaq imkanınız əlbəttə ki, var. Ciddi iman porbleminin olmasından xəbərdar olduğunuz bir şəxsdən əlbəttə ki, ət almağınız caiz deyildir. Ancaq adam özünü müsəlman qəbul edir, kəsdiyini bismilləhlə kəsir və onu dindən çıxaran aşkar bir əməli yoxdursa onun kəsdiyi yeyilər və sizin onun gizli yönlərini araşdırmanız uyğun deyildir.