باخیش

Dilənçiyə pul vermək olarmı?

Allah üçün deyib qapıya gələn dilənçiləri boş qaytarmamağa çalışır, ancaq yenə də onlarla bacarmırıq. Görəsən, dilənçilərə pul verdiyimiz üçün məsuliyyət daşıyırıqmı?"Dilənçiliyin kökündə hansı səbəblər yatırsa yatsın, acı reallıq ondan ibarətdir ki, bu pis vərdiş cəmiyyətimizin sağalmaz yarasına çevrilmişdir.

Məlumdur ki, əsasən fiziki qüsuru olan və ya yaşlı olduğuna görə işləyə bilməyən şəxslər dilənçiliklə məşğul olurlar.

Dövrümüzdə dilənçilik artıq bir peşəyə çevrilib. Heç bir əziyyət çəkmədən pul olduğu halda zəhmətə və alın tərinə nə ehtiyac var? Apardığı islahatlarla cəmiyyətin inkişafında əsaslı dəyişikliklərə nail olan Peyğəmbər (s) dilənçilik xəstəliyinə də çarə tapmış, bu pis vərdişdən qurtulmanın yollarını göstərmiş və dilənməni peşəyə çevirən şəxsləri bu yoldan vaz keçirmək üçün onlara yol göstərmişdir.

Peyğəmbərin (s) səhabələrindən Ənəs ibn Malik rəvayət edir: "Bir gün Ənsardan olan bir nəfər Allahın rəsulunun (s) hüzuruna gələrək, ondan nə isə istədi. Peyğəmbər (s) ondan evində bir şey olub olmadığını soruşduqda həmin şəxs: "Bəli, var, ey Allahın rəsulu. Evimdə bir həsir var. Həsirin bir tərəfini altımıza sərir, digər tərəfi ilə üstümüzü örtürük. Bundan başqa bir su qabımız var ki, onunla da su içirik" dedi. Peyğəmbər (s): "O zaman dərhal qalx, kisəni və su qabını da götürüb mənim yanıma gəl" buyurdu. Həmin şəxs evinə gedərək, həsiri və su qabını gətirib Peyğəmbərin (s) yanına gəldi.

Peyğəmbər (s) həsir ilə su qabını ondan götürərək, orada olanlara nümayiş etdirdikdən sonra: "Kim bu iki əşyanı satın almaq istəyir?" - deyə soruşdu. Orada olanlardan bir nəfər həsir və su qabının hər birinə bir dirhəm verə biləcəyini söylədi. Peyğəmbər (s) sualı iki-üç dəfə təkrar edərək, "Bir dirhəmdən çox verən yoxdurmu?" – deyə soruşdu. Daha sonra həsiri və su qabını həmin şəxsə satdı. Peyğəmbər (s) iki dirhəmi əşyanın sahibinə verərək, "Bu pulun bir dirhəmi ilə ərzaq al, ailənə bax. Bir dirhəmi ilə də balta alıb yanıma gəl" buyurdu.

Həmin şəxs bir az sonra əlində balta Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) baltanı ondan alaraq, sapladı. Sonra baltanı həmin şəxsə verərək, "Bunu götür, get odun kəs, toplayıb sat. Səni on beş gün buralarda görməyəcəyəm" buyurdu. Həmin şəxs getdi, odun kəsdi, topladı və satdı. Daha sonra Peyğəmbərin (s) hüzuruna gəldi. O, on beş dirhəm qazanmışdı. Bu pulun bir hissəsi ilə ərzaq, bir hissəsi ilə də içəcək şeylər almışdı. Peyğəmbər (s) bunu gördükdən sonra buyurdu: "Dilənçilik ucbatından qara bir nöqtə kimi qiyamət günündə hüzura çıxmaqdansa, sənin indiki halın ondan xeyirlidir. Dilənmək ancaq bu üç şəxsə caizdir:

1. Torpağa yapışacaq qədər kasıblığa düçar olana; (son dərəcə kasıb olana)

2. İçindən çıxa bilməyəcək qədər borc içində olana;

3. Pul tapmaq üçün qan pulu yüklənən şəxsə;

Çox əzab çəkən, müalicəsi olmayan bir xəstəliyə düçar olan şəxs də ehtiyacı qədər istəyə bilər".

Hədisdən göründüyü kimi, işləyə bilməyən, üzrlü, qüsurlu, ona baxacaq kimsəsi olmayan, yardıma möhtac şəxslər başqalarından ancaq zəruri ehtiyaclarını ödəyəcək qədər pul istəyə, yəni, dilənə bilərlər. Bu məcburi hallar istisna olmaqla dilənçiliyi bir həyat tərzinə çevirənlər böyük bir yükün altına girirlər. Peyğəmbər (s) belə insanlara ciddi xəbərdarlıq edir: "Əgər bir kəs malını çoxaltmaq üçün insanların mallarını istəyərsə, o, ancaq atəş parçası istəyər. İstər bunun azını, istərsə də çoxunu istəsin.

Bu hədis ehtiyacı olmadığı halda dilənməyi qadağan etməklə yanaşı, bunun cəhənnəm əzabı ilə nəticələnəcək bir iş olduğunu da açıq şəkildə ifadə edərək dilənçiliyi haram edir. Buna görə haram iş görənlərin sayının artmaması üçün bu cür şəxslərin çoxalmasına fürsət verməmək vacibdir. Qeyd etmək lazımdır ki, Qurani-Kərimin əz-Zuha surəsindəki "Bir şey istəyəni geri çevirib azarlama" ayəsində elmi bir məsələ barəsində sual verib nə isə öyrənmək istəyən şəxsin geri qaytarılmamasının vacibliyi qeyd olunur. Yoxsa, bu ayə hər qapıya gələni boş çevirməmək kimi başa düşülməməlidir. Çünki belə olduğu təqdirdə dilənçiliyə fürsət veriləcək və sanki normal bir davranışa yol verilmişdir düşüncəsi hakim olacaqdır.

P.S. Peyğəmbərimizin (s) bu hədisi də dilənçiliyə islamın münasibətini açıq şəkildə ifadə edir: "Kim mənə insanlar qarşısında dilənməməyi zamin durarsa, mən də ona Cənnəti zamin duraram".