باخیش

Quranla fala baxmaq olarmı?

Sual: → Quranla fala baxmaq olarmı?

Cavab: → Əuzu billəhi minəş-şeytanir-racim (Qovulmuş şeytanın şərrindən Allaha sığınıram). Bismilləhir-rəhmanir-rəhim.

Bir şey adamda həm təəccüb, həm də hiddət doğurur. Başa düşmək olmur ki, Allah tərəfindən yaradılmış insanlar Onun torpağında yaşayıb, Onun verdiyi ruzidən yeyib, Onun verdiyi ciyərlə Onun havasını udub, sonra da rahatlıqla, asanlıqla Allahdan qeyrisinə necə yönələ bilirlər?!

Nəinki bütün insanların hətta bütün məxluqatın müqəddəratı Allahın əlindədir. Hökm yalnız Onundur. Bütün bunları sizin sualınızda xatırladığınız Quran söyləyir.

"...Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf, 67).

Ondan başqa heç kəs və heç nə zərər və fayda vermək üçün bir gücə, qüvvətə sahib deyil.

"Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!" (əl-Mülk, 1).

Kimin yüksələcəyini və ya alçalacağını yalnız Allah təyin edir və bu hökm gerçəkləşir. O Məliklərin məlikidir, mülkün sahibidir.

"De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali İmran, 26)

Xoşbəxtlik də, bədbəxtlik də Allahın əlindədir.

"Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur!" (ən-Nəcm, 42-44).

"Məni yaradan və məni doğru yola yönəldən Odur (Allahdır)! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" (əş-Şuara, 78-82).

Yuxarıda qeyd edilən və digər Quran ayələri bu həqiqəti (hər şeyin Allahın hökmü altında olmasını) bildirir. Bir qayda var ki, kim hökm edirsə, kim bir şeyi tək həll edirsə, necə, nə edəcəyini yalnız o bilə bilər. Başqa birisi bunu bilə bilməz.

Məgər gələcəkdə kiminsə xoşbəxtliyini və ya bədbəxtliyini onlar (falçılar) təyin edir ki, gələcəkdə nə etmək istədiyini, nə edəcəyini də bu gün xəbər versinlər?! Yoxsa falçı, cadugər və sehrbazlar Allahın görəcəyi işlərdə Onunla şərikdirlərmi?!

"Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?

Heç düşünürsünüz?!

Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!

Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!" (əs-Saffat, 154-156).

Kitaba gəldikdə, dəlil təşkil edə biləcək mənbə hər şeyi yaradıb müqəddəratını həll edən Allahın göndərdiyi Kitab (Quran) bura qədər Allahın hər şeyin taleyini tək yeganə həll edəni olduğunu bildirir.

Əlbəttə ki, onlar deyəcəklər ki: "Biz bir şey həll etmirik sadəcə Allah kəlamında gələcəkdə bildirilənləri deyirik". Elədirsə, yuxarıda qeyd etdiyimiz ayədə Allahın buyurduğu kimi özlərinin iddialarını doğrulayacaq kitablarını gətirsinlər:

"Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!"

Qurana gəldikdə, Allahın kitabı bir fal kitabı olmaqdan daha uca, daha müqəddəsdir. Bəzi sehrbazların, şeytanların, cadugərlərin, şarlatanların, fırıldaqçıların bunun əksini söyləməsi bu həqiqəti dəyişməz. Məsələ ondadır ki, Quranla fala baxdıqlarını iddia edənlərin əsassız olduqlarını Quranın özü açıq şəkildə bildirir:

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? " (əl-Maidə. 90-91).

Elə isə onlar nədən danışırlar?! Qeybin (gələcəyin) xəbərlərinin məlumatı yalnız Allah nəzdindədir. Bunu bildirən ayələr Qurani-Kərimdə olduqca çoxdur:

"De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!" (ən-Nəml, 65).

Allah qeybə dair bəzi məsələləri peyğəmbərlərin vasitəsi ilə insanlara bildirmişdir. Məsələn, cənnət və cəhənnəmin mövcudluğu, öldükdən sonra dirilmə, qiyamətin əlamətləri kimi qeyblə bağlı məlumatlar buna misaldır.

"(Ya Rəsulum!) De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!" ( əl-Əraf, 188).

Əgər Allahla insanlar arasında vasitəçi olan bir insanın (Hz. Peyğəmbərin (s) qeybdən xəbər verməsi mümkün deyilsə, onda hansı isə bir falçının, kahinin, fala baxan dindar cildinə girmiş bəzi fırıldaqçıların iddia etdiklərinə necə etibar etmək olar?!

Əgər onlar iddia etdikləri kimi qeybi bilirlərsə, ölümü geri çevirə bilirlərsə, kimisə xoşbəxt, kimisə bədbəxt edə bilirlərsə, bir sözlə Allahın yazdığı bir şeyi dəyişə bilirlərsə, onda ortaya bəzi suallar çıxır. Nəyə görə onlar özləri üçün bir tədbir görə bilmir, nə üçün onlar yerin altının, üstünün mülkünə sahib olmurlar və sair...

Hz. Aişədən (r) rəvayət belə olunur: "Bir dəfə camaat Peyğəmbərə (s) kahinlər barəsində sual verdi. Allahın rəsulu (s) da onlara cavabında: "Onlar heç nədir!" – deyə buyurdu..." (Buxari. Təbabət, Ədəb. Şirk; Müslim. "Salam" kitabı).

Məsələ daha yaxşı anlaşılsın deyə, bu gün insanların ayaqları altında tapdalanan bir daşı misal verək. Sabah biri o daşı götürüb ona təzim, ehtiram göstərir. Bu daşın şəfa, ruzi və s. fayda verib, bəlaları dəf etməsinə inanır. Bu daşdan kömək diləyir, qarşısında diz çökür, ona qurban kəsir və sair. Bir sözlə o daşı ucaldıb məbud (ilah) edir. İndi belə bir sual doğur: o daş insanın müqəddəratını həll etməyə qadirdirmi? O daş ona təzim, ehtiram göstərilməsinə layiqdirmi? O daş ibadətə ediləsi ilahi varlıqdırmı? Cavab məlumdur: "Əlbəttə ki, o, bir daşdır, daşdan başqa bir şey deyil. Allahdan başqa ibadət ediləsi güc-qüdrət sahibi ilahi varlıq yoxdur".

Amma fakt faktlığında qalır: bu, həqiqətdə bir daş olsada o bəzi insanlar tərəfindən ucaldılmış, ibadət ediləcək məbuda çevrilmişdir. Buna saxta ilah deyilir.

"Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir" (ən-Nəcm, 23).

Bu gün bəzi fırıldaqçıların hərc-mərcliyinin günahının bir qismi onlardadırsa, günahın digər qismi onlara inananlardadır. Camaat bununla şeytan əməlinin ayaq üstə durub tuğyan etməsini dəstəkləmiş olur. Yoxsa onların bir gücü qüvvəti, həyata müdaxilə etməsi, gələcəyə təsiri yoxdur. Allahın peyğəmbərinin (s) dediyi kimi: "Onlar heç nədir!" Onları insanlar əməllərinə inanmaqla ucaltdılar. Yoxsa onlarda bir ucalıq, ilahi xüsusiyyətlər, ibadətə, itaətə layiq məbud olma özəllikləri yoxdur! Allahdan başqa ibadətə layiq məbud yoxdur! (Lə iləhə illəllah).

"Onların (insanların) əksəriyyəti Allaha şərik qoşmadan Ona iman etməzlər" (Yusuf , 106).

Falçılıq deyilən şey ta qədimdən mövcuddur. Bu, batil, haram, çirkin olan işlərdən sayılır. Yuxarıdakı ayələrdən göründüyü kim falçılıq Allah tərəfindən açıq şəkildə haram edilmişdir.

Rəsulullah (s) buyurub: "Aybaşı halındakı (heyz) xanımı ilə cinsi təmasda olan kimsə, qadına arxa orqanından təmas edən kimsə, bir də gələcəkdən xəbər verdiyini iddia edən adamdan bilgi almaq üçün onun sözlərini təsdiq edən Məhəmmədə endirilən Qurana iman etməmişdir" (Nəsai, Darimi).

Bütün bu qeyd edilənlərdən məlum olur ki, fal və falçılıq haramdır. Ona iman edən də küfrə bulaşmış olur.

Müsəlmanın üzərinə düşən vəzifə "Lə iləhə illəllah"a sadiq qalaraq bütün bu kimi inkarı vacib olan şeyləri tərəddütsüz inkar etməkdr. Allah millətimizi onların şərrindən qorusun!