باخیش
جمعه 10 تیر 1390
بؤلوم | عومومی یازار : نژادمحمد

Dəstəmazın fəlsəfəsi nədir?

İnsan xaliq qarşısında ibadət edərkən mütləq niyyət edib dəstəmaz almalıdır. Niyyət etmək ruh üzərində, dəstəmaz almaq isə bədən üzərində paklıq əməliyyatı aparır. Dəstəmazda məxsusi əzaların yuyulmasının şəriətdə iki vəchlə şərhi verilmişdir.

1. Adəm(ə.s) behiştdə nəhy olunmuş meyvədən yedi, onun bütün paltarı əynindən uçdu. Özünü əncir ağacının yarpaqları ilə örtdükdən sonra, oturub əlini başına qoyub fikrə daldı. Adəm(ə.s) üzü ilə nəhy olunmuş ağaca baxdığı üçün bu səbəbdən Adəm övladı dəstəmaz alarkən üzünü yumalı, əlləri ilə meyvədən dərdiyi üçün qollarını yumalı, ayaqları ilə meyvə ağacına sarı getdiyi üçün ayaqlarını məsh etməli və nəhayət oturub əlini başına qoyub fikrə daldığı üçün başını məsh etməlidir.

2. Lakin ikinci rəyə görə insan dəstəmaz alarkən əvvəl üzünü yuyanda mənən belə deyir ki, "Mənim Rəbbim, üzümü ağ et, o gün ki, üzlər qara olacaq. Mənim üzümü qara etmə, o gün ki üzlər ağ olacaq"

Sağ qolunu yuyarkən mənən deyir ki: "İlahi, mənim nameyi əmalımı sağ tərəfdən əta et və mənə cənnətlərdə əbədi qalmağı əta et. Mənim hesabımı yüngül hesablardan qərar ver".

Sol qolunu yuyarkən mənən deyir ki: "İlahi, mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə. Mənim əməl kitabımı boynumdan asılı halda qərar vermə. Mən od parçalarından sənə pənah aparıram".

Başı məsh edəndə mənən deyir ki: "İlahi! Məni öz rəhmət və bərəkət əfvin ilə ört".

Ayaqlarını məsh edərkən mənən deyir ki: "İlahi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni Siratda sabit qədəm et və səyimi sənin məndən razı olduğun şeylərdə qərar ver. Ey cəlal və ikram sahibi".

Dəstəmaz alması ilə elə bil insan bu təmənnaları Allahdan edir. Hətta qeyd edilmiş duaları oxumasa belə, dəstəmaz alma əməli ilə mənən dili zikr etmədən bu istəkləri Allahdan istəyir.

Zənnimcə, bu rəy daha doğrudu...

Dəstəmaz almağın savabı

Dəstəmaz namazın açarıdır. Həzrət Peyğəmbər(s.ə.s) dəstəmazın savabı haqqında belə buyurmuşdur: "Dəstəmaz üzə nur, qəlblərə fərəh verir. Hər bir müsəlman dəstəmaz alanda üzünü yuyarkən gözləri ilə baxıb etdiyi günahları, qollarını yuyarkən əlləri ilə etdiyi günahları, ayaqlara məsh çəkərkən ayaqları ilə gedib etdiyi günahları aldığı dəstəmaz suyu ilə təmizləyir. Dəstəmaz tamamlandıqda hər bir müsəlman bütün günahlardan təmizlənmiş olur".

Dəstəmaz möminin silahıdır. Bu, elə bir mənəvi silahdır ki, insan bu silahla nəfsinin və şeytanın pisliklərindən özünü ən gözəl bir şəkildə qoruyur. Dəstəmazlı adam namazını vaxtında qılar, şeytan ləin ondan uzaq olar və ona heç bir zərər yetirməz. Dəstəmazlı ikən dəstəmazı təzələmək "nur üzərinə nur gəlmək" deməkdir.

Həzrət Peyğəmbər(s.ə.s) Hədisi şəriflərində buyurubdur: "Kim gözəl dəstəmaz alıb və sonra Allahdan başqa Allah olmadığını, Həzrət Mühəmməd(s.ə.s) onun rəsulu olduğunu şəhadət edərsə və məni günahlardan bağışla deyərsə, üzünə Cənnətin səkkiz qapısı açılar və istədiyi qapıdan içəri girməkdə sərbəst olar".