باخیش
دوشنبه 30 خرداد 1390
بؤلوم | ناماز یازار : نژادمحمد

Namazın insanlara faydaları

Namazın bizə maddi-mənəvi bir çox faydaları var. Bu faydalardan bəziləri bunlardır.

1. Gündə beş vaxt namaz qılan bir insan, daima Allahı xatırlayar və özünü hər an Onun qarşısında hiss edər. Bu isə, o insanın yaddaşında pis düşüncələrin yaranmasına imkan verməz.

Dünyada insana Allahı unutduracaq, onu qəflətə atacaq bir çox şey var. İnsan yaradılışı baxımından gecə-gündüz dünyəvi işlərlə məşğuldur. Bu məşğələ içində olan insana hər an Allahı xatırladacaq bir şeyin olması vacibdir. Belə bir şey olmasa, insan həm Allahı unudar, həm də qəlbində Allah qorxusuna yer verməz. Allahı unudanda isə ancaq öz nəfsini, keyfini, mənfəətini düşünən eqoist bir insan halına gələr. Haqq, hüquq, ədalətə fikir verməz. İnsan bu hala gələndə, artıq ona nə qanun, nə də polis təsir edə bilər. Fürsət düşəndə heç nəyə baxmayaraq istədiklərini edər. Bax bunun üçündür ki, Allah Təala insan oğlunun qəlbinə ona daima Allahı xatırladacaq bir gözətçi qoymuşdur. Bu gözətçi də namazdır. Namaz insana mövlasını xatırladır. Ağıl, fikir, əl, ayaq, göz, qulaq, kimi bütün əzalarını günahlardan qoruyar. Başqasının malına, canına, ar və namusuna göz dikməz.

Namazın bu yönünə Qurani-Kərimdə belə işarə olunmuşdur: "Namaz qıl. Ona görə ki, namaz insanı hər cür pis və çirkin işlərdən uzaq tutar". Hədisi-şərifdə deyilir: "Namaz dinin dirəyidir."

2. Namaz möminin gündəlik həyatını da qaydaya salar. Gündə beş dəfə, müəyyən olunmuş vaxtlarda Allahın hüzurunda olmaq zərurəti insanı müəyyən bir qayda və nizam içində yaşamağa sövq edər. İşlərini namaz vaxtlarının müəyyən etdiyi zaman dilimlərinə görə tənzimə məcbur edər.

3. Hər namaz sahibinə nəfsini mühakimə və nəzarət etmək xüsusiyyətini də qazandırır.

Tez-tez müdir və ya müfəttiş hüzuruna çağrılan bir məmur, işində necə diqqətli davranır, işlərini necə müntəzəm edirsə, bunun kimi gündə ən azı beş dəfə Allah Təalanın hüzuruna çıxan bir insan da, bütün işlərini xəta və səhvsiz edir.

4. Namaz qılan bir mömin, qəlbən rahat, ruhən qüvvətli, mənən güclüdür. O, həyatı boyunca vəzifəsini haqqıyla yerinə yetirmiş olmağın hüzuru ilə yaşayır.

5. Allah Təalanın beş vaxt namazını qılan bir insanı, Cənnətinə qoyacağına dair vədi vardır. "Cənnətin açarı namazdır" hədisi-şərif də bu ilahi vədə uyğun söylənilib.

Bu ifadə namaz qılmayan kimsənin cənnətə girə bilməyəcəyi anlamına gəlmir. Allah istəyərsə, qulunun razı olduğu bir yaxşılığından və ya islami bir xidməti üçün, onun günah və bütün qüsurlarını, ibadət və borclarını əfv edib onu cənnətinə qoya bilər. Bu, təmamən Onun lütf və mərhəmətinə bağlıdır. Namaz ibadətini məna və ruhuna uyğun şəkildə qüsursuz yerinə yetirənə isə Allah cənnətini vəd etmişdir.

6. Gündə beş vaxt namaz qılmaq eyni zamanda kiçik günahlar üçün də bir əvəzdir. Rəsuli-Əkrəm beş vaxt namazı vaxtında qılanı, gündə beş dəfə evinin önündən axan bir çaya girib yuyunana bənzədir.

7. Şərt və ədəbinə tam riayət edilərək qılınan beş vaxt namazın qiyamət günündə sahibi üçün bir nur, dəlil və sübut olacağı, onu qəbirdə qaranlıqlardan və əzabdan, hesabın çətinliklərindən qurtaracağı da hədisi-şəriflərin bəyanından bilinir.

8. Namazın dünya və axirət həyatı üçün ən mühim faydalarından biri də namaz qılan insanın bütün dünyəvi iş və çalışmalarının gözəl bir niyyətlə ibadət sayılmasıdır. Bu böyük qazancın isə tək bir şərti vardır. O da fərz olan namazlarını qılmaq, ciddi bir səbəb olmadan namazlarını qəza etməməkdir.

İnsanın dünyəvi çalışmalarının ibadət sayılmasının sirri, namazın insanlara faydalı olacaq xidmətlər göstərməyə ciddi bir zövq və həyəcan meydana gətirməsidir. Buna görə, insan qocalsa belə, ailəsinin məişəti üçün işləməlidir. "Artıq yaşlandım deyərək, bir kənara çəkilib sadəcə axirətim üçün çalışım", deməməlidir.