باخیش
شنبه 28 دی 1398
بؤلوم | حج یازار : نژادمحمد

MƏRİFƏT YOLUNDA BİR FASİLƏ: MİNA 
     
 Rəsulullahın Zilhiccənin səkkizinci günü [tərviyə günü] Minada qonaq qaldığı yer Məscidi Hayf idi. Hələ Mədinədə ikən Həzrəti Əbu Bəkrə orada fasilə verəcəyini söyləmişdi.

Həcc səfərinin ilk günü olan Tərviyə günü, yəni Qəməri aylardan Zilhiccənin 8-ci günü məhşər Minada başlayır. Rəsulullahın "Həccinizin mənasiqini məndən öyrənin" dediyi yerdən.
Mina ilk dayanacaqdır. Məhşər yolunda bir məktəbdir, həcc məktəbi. Həccin məlumatı orada öyrənilir. Bilənlər, öyrəndiklərini orada bir də nəzərdən keçirərlər. Bu Həzrəti İbrahim və İsmayılın duasını yeniləmək mənasını verir: "Ey Rəbbimiz bizi sənə təslim olanlardan et! Soyumuzdan da davamlı sənə təslim olacaq öndər topluluqlar var et! Bizə necə qulluq edəcəyimizi göstər və bizi bağışla. Heç şübhə yoxdur ki, Sən tövbələri çox qəbul edən, rəhmətlə rəftar edənsən'." [2.128]
Günün hamısını, ya da bir hissəsini Rəsulullahın xatirəsinə hörmət olaraq orada keçirərlər. Mümkündürsə günorta, ilkindi, axşam, şam və Zilhiccənin 9-cu günü səhər namazını orada qılar və oradan mərifət dənizinə qarışmaq üçün Ərafata hərəkət edərlər. 

Səfərin son detallarına nəzarət edər, namazlarını səfərdə qılınan kimi qılarlar. Zatən səfər hələ ihrama girərkən başlanmışdır. İhrama girən hər kəs Allah qonağı hesab olunur. O artıq namazları, qonaq kimi qılmalıdır. Yəni əsli üzrə, dörd rükətli fərzləri, iki olaraq.

Səfər yolçuluq deməkdir, qonaq yolçu. 
Ərəb dilində səfər, "açıqlıq, reallıq, gizli olanın ortaya çıxması, görünməyənin görünən hala gəlməsi" mənasını verir. "Safira", təsəttürlü olmayan qadına verilən addır. 

Yolçuluğa bu adın verilməsi xeyli mənalıdır. Çünki yolçuluq insanın əsl üzünü ortaya çıxaran, insanın qara qutusunu açan, insanın taxdığı maskaları çıxarıb əsl üzü ilə görünməsiyi təmin edən bir vəziyyətdir. İnsanın pisi yaxşısı səfərdə bilinər. Buna görə Həzrəti Ömər tanış olmağı və dostluğu üç şeylə təyin etmişdir: Alış-verişlə, yoldaşlıqla, səfərlə.

Yol yoldaşı yoldan əvvəl gəlir. Onun üçün əskilər bu həqiqəti köhnəlməz bir qəlibə tökmüşlər: "Əvvəl rəfiq sümmə't-tariq: Əvvəl yol yoldaşı, sonra yol".

Hər hicrət Əbubəkr kimi bir yol yoldaşına möhtacdır. Ürəyini ürəyinə söykəyəcəyin, dərdini dərdinə qatacağın, birlikdə gülməyə deyil birlikdə ağlamağa və hətta birlikdə ölməyə can atacağın bir yoldaşa.

Şifahi rəvayətə görə, Adəm də itirdiyi yol yoldaşı Həvvanı bu torpaqlarda tapmamışdırmı? Birlikdə istiğfar edib birlikdə ağlamaq, cənnəti yenidən birlikdə tapıb əbədi olaraq birlikdə olmaq üçün...
Yola birlikdə çıxmanın mükafatı, mənzil-i maqsuda birlikdə çatmaqdır. 
Hicrətə birlikdə çıxmanın mükafatı, Mədinəyə birlikdə girməkdir. 

Tövbəni birlikdə etmənin mükafatı, əfvə birlikdə nail olmaqdır.
Yaxşı bir yol yoldaşın varsa, yol azuqən olmasa da olar. Birinizin azuqəsi ikinizə çatacaq. Azuqədən əvvəl dost axtarmalısan. Niyyəti həcc olmayıb "el nə deyər" deyə gedən bir yol yoldaşı ilə yola çıxmaq, ət yemək niyyətiylə qurban səhminə (Şərikli qurbanda pay sahibi) girən adamın səhih niyyətlilərin də qurbanını ifsat (ifsat - pozmaq, qarmaqarışıqlıq çıxartmaq) etməyinə bənzəyər.

Dözmək məcburiyyətində olduğun yoldaşın sənin kürəyində atın belində dayanan bir heybə kimi deyil, dəvənin belindəki bir donqa kimi dayansın. Artıq bədənindən bir parça halına gəlmiş, tərpənərkən düşməyən, rahatlıqla səni tərk etməyən, ürəyin yandığında susuzluğunu aradan qaldıracaq bir su çəni olaraq imdadına çatan, sənə səhraları aşmağa yardım edən bir "donqa" kimi. 
Əgər yanında belə biri varsa, niyə dayanmısan. Vur özünü Ərafat yollarına, "mərifət" yollarına.